...

Rosbalt: İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan mühüm iqtisadi uğurlara nail olub

Siyasət Materials 14 Aprel 2018 13:04 (UTC +04:00)
İlham Əliyevin prezidentliyi dövründə, yəni 2003-cü ildən başlayaraq Azərbaycan iqtisadi inkişafda mühüm uğurlara imza atıb.
Rosbalt: İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan mühüm iqtisadi uğurlara nail olub

Bakı. Azad Həsənli - Trend:

İlham Əliyevin prezidentliyi dövründə, yəni 2003-cü ildən başlayaraq Azərbaycan iqtisadi inkişafda mühüm uğurlara imza atıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın “Rosbalt” informasiya agentliyinin məqaləsində yazılıb.

Məqalənin müəllifi İrina Corbenadze Prezident İlham Əliyevin idarəçiliyi dövründə əldə etdiyi uğurlar arasında ölkənin daxili-siyasi həyatının sabitliyi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması, “Cənub Qaz Dəhlizi” və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, yeni karbohidrogen yataqlarının işlənməsi və s. qeyd edib.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin daxili və xarici siyasətindən danışarkən müəllif bildirib ki, Azərbaycan heç kimə öz işlərinə qarışmağa icazə vermir ki, bu da həmin təcrübəni tətbiq etməyə öyrəşənlərin xoşuna gəlmir:

“Hər kəsə aydındır ki, Azərbaycanla küsmək, xüsusən də “rəngli çevrilişlər” etmək perspektivsiz işdir”.

Qeyd olunur ki, Azərbaycan “İpək yolu” arealında aparıcı mövqeyə malikdir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, eləcə də onun Rusiya qazından qismən azad olmasında əsas “oyunçu” kimi qəbul olunur:

“Azərbaycan təkcə region üçün, həm də Qərb üçün önəmlidir”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti