...

DTX-da “Azərbaycan Xalq Cümhuriyyəti - Şərqin ilk demokratik dövlətidir” mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 26 May 2018 14:04 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə konfrans keçirilib.
DTX-da “Azərbaycan Xalq Cümhuriyyəti - Şərqin ilk demokratik dövlətidir” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə konfrans keçirilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Milli qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul əməkdaşları, Azərbaycan Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının və AMEA Qafqazşünaslıq İnstitutunun alimləri, DTX-nin Heydər Əliyev adına Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə əklil qoyublar.

Akademiyanın akt zalında davam edən konfrans Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamının bir daha oxunması ilə başlanıb.

Sonra Ulu Öndərin, Azərbaycan Xalq Cümhuriyyətinin, müasir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Konfransda çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən danışaraq bildiriblər ki, müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ümumbəşəri təşəkkülə, mədəniyyətə və tərəqqiyə əvəzsiz töhfələr vermiş xalqımızın çoxəsrlik və zəngin tarixinin ən şanlı və parlaq səhifələrindəndir.

Tədbirdə Azərbaycan Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyinə qarşı daşnak hökumətinin cinayətkar fəaliyyəti. 1919-1920-ci illər”, AMEA Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Qasım Hacıyev “Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə daşnak-bolşevik qüvvələrinin dağıdıcı fəaliyyəti və Xalq Cümhuriyyətinin qurucularına erməni terrorçu təşkilatlarının törətdikləri sui-qəsdlər”, DTX-nin Heydər Əliyev adına Akademiyasının məsul əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Cəlal Qasımov “Azərbaycan Xalq Cümhuriyyətinin ilk təhlükəsizlik orqanları: tarix və müasirlik” mövzularında məruzələri dinlənilib. Natiqlər ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində müstəqillik, xarici siyasət, müdafiə, təhlükəsizlik və dövlət quruculuğunun digər həyati əhəmiyyətli sahələrində uğurla həyata keçirdiyi misilsiz işlər, eləcə də gənc respublikaya qarşı mənfur düşmənlər tərəfindən bütün istiqamətlərdə aparılan aramsız terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətləri barədə ilk dəfə ictimaiyyət üçün səsləndirilən faktlar əsasında geniş məruzələr ediblər.

Diqqətə çatdırılıb ki, xalqımızın qədim və zəngin dövlətçilik ənənələrinin yaşadılmasına, tarixi irs-varislik prinsiplərinə hər zaman böyük önəm verən ulu öndər Heydər Əliyevin minilliklərin burulğanından şərəflə keçərək günümüzə yetişən mədəni-mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə, müstəqillik ideallarına dərindən bağlılığı sayəsində milli yaddaşda xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dövrü özünün əsl qiymətini alıb.

Məhz müasir Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin dühası, dərin zəkası, qətiyyəti və əvəzsiz xidmətləri nəticəsində respublikamız müstəqilliyinin daimi və dönməzliyinə nail olub, beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi dünyada özünün layiqli yerini tutmuş, üçrəngli bayrağı əbədi olaraq yüksəklərə ucalıb.

Məruzəçilər qeyd ediblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi və regionun lideri olan müstəqil Azərbaycan Ümummilli Liderimizin siyasi xəttinin layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün bütün sahələrdə xariqələr yaradır, yeni tərəqqi zirvələrini inamla fəth edir. Doğma Vətənimiz yeniləşmə və müasirləşmə mərhələsində günbəgün inkişaf edərək daha da qüdrətlənir. Dövlətimizin başçısı İlham Əliyevin dövlət müstəqilliyinin əbədiliyi naminə əzmkar və uğurlu fəaliyyəti, o cümlədən xalq-iqtidar vəhdəti və vətəndaş həmrəyliyi, davamlı iqtisadi yüksəliş və təhlükəsizlik, ölkənin ərazi bütövlüyünün bərpası və ordu quruculuğu, beynəlxalq nüfuzunun artırılması və digər sahələrdə əldə edilən möhtəşəm nailiyyətlər hər bir vətənpərvər soydaşımız tərəfindən hədsiz iftixar və sonsuz rəğbətlə qarşılanır.

Çıxış edən natiqlər əminliklə qeyd ediblər ki, düşmən tapdağı altındakı əzəli və tarixi torpaqlarımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti sayəsində tezliklə geri qaytarılacaq, Azərbaycanın əbədiyyən yüksələn və bir daha enməyəcək dövlət bayrağı Şuşada və Xankəndidə, Qarabağın işğal olunmuş bütün rayonlarında qürurla dalğalanacaq.

Tədbirin bədii hissəsi Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş video-kompozisiyanın nümayişi ilə başlanıb, DTX-nin əməkdaşlarının, onların övladlarının ifa və təqdimatlarında Xidmətin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən yüksək səviyyədə hazırlanmış konsert proqramı ilə davam etdirilib.

Konsertdə müstəqilliyi, azərbaycançılığı, dövlətçiliyi və vətənpərvərliyi tərənnüm edən mahnılar, rəqslər və musiqili improvizasiyalar tədbir iştirakçılarında xoş təəssürat yaradaraq alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti