Bakı. Sara İsrafilbəyova - Trend:
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) əsas vəzifəsi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına kömək etməkdir.
Trend-in məlumatına görə, bunu təşkilatın baş katibi Maykl Kristides dekabrın 14-də Bakıda keçirilən QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasının yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, təşkilat üçün müasir dövrün çağırışlarına cavab vermək vacibdir.
Baş katib bildirib ki, QDİƏT-in geniş əməkdaşlıq spektri var: təşkilatda ticarət, nəqliyyat, səhiyyə və digər sahələri əhatə edən 20-dən artıq işçi qrupu fəaliyyət göstərir:
"Mən bir daha sədrliyə görə Azərbaycana minnətdarlığımı bildirmək istəyirəm. Bu 6 ay ərzində biz çox məsələləri müzakirə etmişik və bir sıra qərarlar qəbul etmişik. Biz gələcək inkişaf və əməkdaşlıq üçün perspektiv və planları da müzakirə etmişik".
Qeyd edək ki, QDİƏT-in 39-cu iclası bu gün Bakıda öz işinə başlayıb. Azərbaycanın 1 iyul - 31 dekabr 2018-ci il müddəti çərçivəsində QDİƏT-də sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilir. Sədrliyimizin əsas prioritetləri arasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.