...

Ekspert: Sosial müdafiə sisteminin daim təkmilləşdirilməsi Prezident İlham Əliyevin fasiləsiz fəaliyyət istiqamətlərindən biridir

Siyasət Materials 20 Dekabr 2018 17:33 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Sosial müdafiə sisteminin daim təkmilləşdirilməsi Prezident İlham Əliyevin fasiləsiz fəaliyyət istiqamətlərindən biridir. Bunu Trend-ə "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, sosial siyasət müasir dövlətçilik nəzəriyyəsində fəaliyyətin mühüm istiqamətlərindən biri kimi qəbul olunur və dövlətlərin dünyadakı nüfuzunu müəyyənləşdirən əsas meyarlar sırasındadır:

"Əhalinin müəyyən həssas qruplarını əhatə edən sosial müdafiə proqramları ümumən sosial siyasətin mühüm istiqamətlərindən biri olmaqla Azərbaycanda xüsusi sistem və ardıcıllıqla həyata keçirilir. Azərbaycan dövlətinin real gücü artdıqca sosial sferanın inkişaf etdirilməsi üçün gərəkli addımlar atılır. Xüsusilə də sosial müdafiə sisteminin daim təkmilləşdirilməsi bu gün dövlət siyasətinin və şəxsən cənab Prezidentin fasiləsiz fəaliyyət istiqamətlərindən biri kimi özünü göstərməkdədir. Cənab Prezidentin həyata keçirdiyi sosial müdafiə proqramlarının istiqamətləri, üsulları və məzmunu hər ötən dövr ərzində təkmilləşmə istiqamətində dəyişir, yeniləşir. Ən son həftələrdə həyata keçirilən bəzi sosial müdafiə aktları dediklərimizə sübutdur və cənab Prezidentin özünün şəxsən bu istiqamətdə çox təşəbbüskar və həssas düşüncələr mövqeyində olduğunu göstərir. Bir neçə nümunəyə diqqət edək. Həyatdan köçmüş hərbçilərin varislərinə 11 min manat birdəfəlik yardım, ünvanlı sosial yardım alan ailələrə yüz manat məbləğində birdəfəlik yardım, imkansız ailələrin ödənişsiz hüquqi yardımla təmin olunması barədə Prezident qərarları ardıcıl aparılan siyasətin əhəmiyyətli elementləridir. Ünvanlı sosial yardım artıq illərdir ki, Azərbaycanda bir sosial müdafiə üsulu kimi həyata keçirilir və minlərlə insan bu imkandan bəhrələnir. Gördük ki, cənab Prezident onu yeni bir üsulla təkmilləşdirdi və heç bir şübhə yoxdur ki, cənab Prezident yeni-yeni sosial dəstək layihələri düşünərək onları mövcud praktikalarla zaman-zaman təkmilləşdirəcək. Çünki bu istiqamətdə cənab Prezidentin ardıcıl iradəsi və dövlətimizin daim artan iqtisadi imkanları bir-birini tamamlayan əhəmiyyətli faktorlara çevrilib".

Ekspert vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin müəyyən sosial həssas qruplara yönəlik müdafiə siyasəti imkanları bir qədər məhdud olan insanlara kimsədən asılı olmayaraq ləyaqətli və şərəfli ömür təmin etməkdə çox böyük əhəmiyyət kəsb edir:

"Geniş sosial müdafiə siyasəti bu gün dünyada dövlətimizin humanist imicini və sanballı mövqeyini şərtləndirən mühüm amlldir. Azərbaycanın sosial müdafiə sistemi getdikcə bütün ehtiyac hiss edən təbəqələri öz əhatə dairəsinə alan işlək bir mexanizmə çevrilməkdədir. Əmək qabiliyyətli insanların işlə təmin edilməsi, məhdud imkanlı şəxslərin isə dövlətin sosial himayələr siyasətinin təsiri altına alınması bir-birini tamamlayır və birlikdə Azərbaycan dövlətinin sosial inkişaf modelinin əsas məzmununu müəyyən edir. Təhsil, ictimai sağlamlıq, məşğulluq, yeni iş yerlərinin yaradılması, ətraf mühitin qorunması və sair kimi sosial istiqamətləri də nəzərə alsaq, Azərbaycanda dünyanın tək-tək ölkələri ilə müqayisə oluna bilən genişmiqyaslı sosial siyasət aparıldığını bir daha görə bilərik. Bunlar dövlət siyasətinin həqiqətən sosial məzmun daşıdığını və onun mərkəzində həqiqətən insan faktorunun dayandığını ifadə edir".

O əlavə edib ki, aparılan sosial müdafiə siyasəti ölkədə ədalətin daha möhkəm bərqərar edilməsinə, yoxsulluğun kökünün tamamilə kəsilməsinə və ən müxtəlif sosial təbəqələr arasında sosial həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir: "Bundan başqa, dövlətimizin sosial sitasətinin mühüm məqsədlərindən biri də dövlətçilik ətrafında ictimai həmrəyliyi daha da gücləndirmək və siyasi sabitliyə daha möhkəm sosial baza yaratmaqdır. Ancaq hər şeydən qabaq Azərbaycanın indiki sosial siyasəti əsasən humanist yönümlüdür, insanın şərəf və ləyaqətinin daim uca tutulmasına xidmət edir. Fikrimcə, Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxşaxəli sosial siyasətin dünyanın başqa ölkələrində gedən sosial proseslərdən ən xarakterik fərqlərini məhz bu məqamlarda axtarmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti