...

İlir Meta: TAP layihəsi Albaniyanın regionda və ondan kənardakı roluna əhəmiyyətli dərəcədə təsir edib

Siyasət Materials 14 Mart 2019 11:51 (UTC +04:00)
Trans-Adriatik boru kəməri (TAP) layihəsi Albaniyanın regionda və ondan kənarda roluna əhəmiyyətli dərəcədə təsir edib
İlir Meta: TAP layihəsi Albaniyanın regionda və ondan kənardakı roluna əhəmiyyətli dərəcədə təsir edib

Bakı. Azad Həsənli - Trend:

Trans-Adriatik boru kəməri (TAP) layihəsi Albaniyanın regionda və ondan kənarda roluna əhəmiyyətli dərəcədə təsir edib.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Albaniya prezidenti İlir Meta deyib.

İ.Meta bildirib ki, Albaniya ilk dəfə strateji enerji dəhlizlərində vacib tranzit ölkəsinə çevrilib.

Albaniya prezidenti əlavə edib ki, sülh və təhlükəsizlik artıq ənənəvi təşkilat və alətlərlə təmin olunmur: “Qlobal çağırışlar çərçivəsində Trans-Atlantik münasibətlər vacib məsələlər üzrə intensiv debatlardan keçib. Avropa İttifaqı da gözlənilməz hadisələrlə qarşılaşır. “Brexit” göstərir ki, Aİ islahatları möhkəmləndirməlidir. Genişlənmə məsələləri Aİ üzv ölkələrinin müzakirələrində getdikcə daha da az yer tutur. BMT və Təhlükəsizlik Şurası tez-tez müxtəlif çətinliklərlə üzləşir”.

Onun sözlərinə görə, xarici siyasət beynəlxalq hadisələr kontekstində milli maraqların müdafiəsi strategiyalarına əsaslanır: “Qlobal təhlükəsizlik, iqlim dəyişikliyi, miqrasiya, terrorçuluq və ekstremizmlə mübarizə kimi məsələlər bizim xarici siyasətimizdə müəyyən qədər üstünlük təşkil edir. Bu şərtlərdə biz ölkələrimizi və regionlarımızı birləşdirmək üçün daha çox işləməliyik”.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti