Bakı. Ləman Zeynalova, Azad Həsənli - Trend:
Bizim xarici siyasətimiz mütəmadi dəyişməlidir. Trend-in məlumatına görə, bunu VII Qlobal Bakı Forumunda Monteneqro Prezidenti Milo Cukanoviç deyib.
Dövlət başçısı qeyd edib: "Biz inkişaf edən dünya tendensiyalarına kömək etmək üçün millətçilik ideyasını düzgün anlamalıyıq. Avropa İkinci Dünya müharibəsindən sonrakı dövrdə daha mühüm nailiyyətlər kimi öz dəyərlərini qoruyub saxlamağa davam edəcək".
M.Cukanoviç bildirib ki, bütün problemləri həll edə bilən formul mövcud deyil: "Bizə qlobal səviyyədə çoxtərəflilikdən istifadə etmək lazımdır. Yalnız vətəndaşlarımızın yüksək həyat şəraitini təmin edəcəyimiz halda böyük və vacib məqsədlərə çatmaq olar. Bizim xarici siyasətimiz mütəmadi dəyişməlidir".
Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.
Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.