...

Ekspert: Prezident İlham Əliyev və Paşinyanın Vyana görüşü Azərbaycanın növbəti diplomatik üstünlüyü kimi qiymətləndirilməlidir

Siyasət Materials 30 Mart 2019 12:15 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı danışıqlar və onun nəticələri ilk növbədə bir amili təsdiq edir ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə barışmayacaq.

Bunu Trend-ə açıqlamasında “SƏS” Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində irəli sürdüyü fikirləri şərh edərkən deyib.

O bildirib ki, bu danışıqlara qədər xarici işlər nazirləri bir neçə dəfə görüşüblər və həmin proses Ermənistan rəhbərliyinin daha öncələr verdiyi bəyanatlardan imtinası ilə nəticələnib: “Məhz bu baxımdan biz Vyana görüşünü və əldə edilən nəticələri Azərbaycanın növbəti diplomatik üstünlüyü kimi qiymətləndirə bilərik. Misal üçün, xatırlaya bilərik ki, Nikol Paşinyan baş nazir olduğu ilk vaxtlarda danışıqlar prosesinə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin də qatılmalı olduğunu bəyan edirdi. Lakin Prezident İlham Əliyevin qətiyyətli diplomatiyası, eləcə də elə bir formatın qeyri-mümkünlüyü barədə verdiyi bəyanatlar erməni tərəfinin həmin iddiadan geri çəkilməsi ilə nəticələndi. Vyana görüşünün razılaşdırılmasına qədər xarici işlər nazirlərinin ortaq məxrəcə gəlməsi də məhz dövlət başçımızın üstün diplomatiyasının məntiqi sübutudur”.

B.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin bu danışıqlarda əldə etdiyi daha bir üstünlük humanitar məsələlərlə bağlıdır: "Prosesin iki ölkə - Ermənistan və Azərbaycan arasında aparılması qarşıda növbəti mümkün razılaşmalara stimul verə biləcək. Əgər humanitar aksiyalarla bağlı müəyyən razılıqlar əldə olunubsa, qarşıda daha qəti razılaşmalara da imza atıla bilər. Həmçinin o da əbəs deyil ki, Prezident İlham Əliyev sözügedən müsahibəsində ATƏT-in Minsk qrupunun 9 mart bəyanatını da xatırlatdı. Danışıqlar prosesinin formatının dəyişdirilməsinə yalnız iki ölkənin rəhbərliklərinin qərar verə biləcəyi ilə bağlı səslənən fikirlərin ardınca Azərbaycan heç vaxt bu addıma razı olmayacağını bəyan edərək, öz prinsipial, qətiyyətli və sərt mövqeyini ortaya qoydu. Bu qətiyyət isə Ermənistanı substantivliyə, yəni ilkin formata geri dönməyə vadar etdi. Ona görə də düşünürəm ki, Vyana görüşündə cənab İlham Əliyevin diplomatik, eləcə də siyasi üstünlüyü öz sözünü dedi”.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin siyasi diplomatik gedişləri həm də dövlətimizin başçısının beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisidir: “Biz bilirik ki, bir sıra beynəlxalq təşkilatlar işğal faktını pisləyən bəyanatlarla çıxış ediblər, qətnamələr qəbul olunub və s. Yəni bütün bunlar Azərbaycan ərazilərinin beynəlxalq səviyyədə tanınmasının sübutudur. O cümlədən, cənab İlham Əliyevin qətiyyətli fəaliyyəti sayəsində bu gün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması tələbi qüvvədə qalmaqdadır. Ona görə də düşünürəm ki, Vyana prosesi həmin amilin davamı, həm də başlanğıc nöqtəsi hesab edilə bilər. Ölkə başçımızın müsahibəsi də bu reallığı özündə kifayət qədər əks etdirir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti