...

Azərbaycanın yeni Baş Naziri seçildi - Milli Məclis təsdiqlədi (YENİLƏNİB)

Siyasət Materials 8 Oktyabr 2019 12:22 (UTC +04:00)
Azərbaycanın yeni Baş Naziri seçildi - Milli Məclis təsdiqlədi
Azərbaycanın yeni Baş Naziri seçildi - Milli Məclis təsdiqlədi (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

İlk xəbər saat 10:00-da yayımlanıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, plenar iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. O deyib ki, Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.

Sonra iclasda məsələ ilə bağlı çıxışlar olub. Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndirib, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

X X X

Bu gün Milli Məclisdə Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi məsələsi gündəliyə daxil edilib.

Trend-in məlumatına görə, Milli Məclisin gündəliyinə ümumilikdə 14 məsələ daxildir.

Qeyd edək ki, Əli Əsədov Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiridir.

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ölkə Prezidentinin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci il tarixli sərəncamla isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin 1 iyununda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Bu dəyişiklik nəticəsində Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin olunub.

Ə.Əsədov 2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti