...

Deputat: Paşinyanın son təklifi də fitnəkarlıqdan başqa bir şey deyil

Siyasət Materials 7 Noyabr 2019 10:10 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Çevriliş yolu ilə hakimiyyətə gələn Ermənistanın Baş naziri Nikol Paşinyan ilk gündən Qarabağ məsələsində təxribatçılıq və fitnəkarlıq yolunu tutub. Ötən dövr ərzində fəaliyyəti ilə xələflərindən, qatı cinayətkarlar - əlləri Azərbaycan xalqının qanına batmış cani koçaryanlardan, sarkisyanlardan fərqlənmir, bir çox hallarda hətta, onları da ötüb keçir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Paşinyan gah Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli prosesinə maneçilik törətmək, status-kovunu uzatmaq üçün format dəyişikliyi fintəkarlığına əl atır, buna nail ola bilməyəndə, yenidən danışıqlar masası arxasında əyləşməyə məcbur ediləndə də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər reallaşdırmaqla, “Yallı” getməklə, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, daha böyük fintəkarlığa imza atır, gah da ölkə daxilində və Dağlıq Qarabağ erməniləri, “Qarabağ klanı” tərəfindən ona yönələn etiraz, qəzəb, nifrət dalğasını başqa səmtə yönəltmək, öz hakimiyyət ömrünü uzatmaq üçün sərhəddə, təmas xəttində təxribatçılıq əməllərinə, qan tökülməsinə rəvac verir:

“Bunun da Azərbaycan dövləti və ordusu tərəfindən layiqli cavabını alanda növbəti təxribata əl uzadır, işğal altındakı Dağlıq Qarabağda referendurumun keçirilməsi təklifini ortaya atır, özünün və ölkəsinin işğalçı mahiyyətini bir daha ortaya qoyur. Nə Paşinyanın, nə də digərlərinin belə bir təkliflə çıxış etməyə heç bir haqqı yoxdur. Bu, tam qanunsuzluq, Azərbaycan qanunlarının və beynəlxalq hüququn açıq-aşkar pozulması cəhdidir.

Əvvəla, Dağlıq Qarabağ işğal altında olsa da, Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsidir, onunla bağlı hər hansı bir qərar vermək hüququna da yalnız və yalnız Azərbaycan dövləti və xalqı malikdir. İkincisi, sovet dövründə heç bir əsası olmadan Qarabağ ermənilərinə verilən muxtariyyət - Dağlıq Qarabağ Muxtar Vilayəti hələ 29 il bundan öncə Azərbaycan tərəfindən ləğv edilib və onlar heç bir muxtariyyətə malik deyillər. Üçüncüsü, Ermənistanın və onun açıq-gizli himayədarlarının birbaşa dəstəyi ilə yaradılmış oyuncaq və qondarma “DQR” də tam qanunsuz, cinayətkar bir qurumdur, cinayətkar bir rejimdir. Onu nə Azərbaycan, nə də dünya dövlətləri tanıyıb. Heç kim də, heç bir dövlət də tanıya bilməz və tanımağa da heç bir əsası yoxdur”.

Deputat vurğulayıb ki, bu gün həqiqət, fakt və reallıq odur ki, Dağlıq Qarabağ da daxil olmaqla ona bitişik Azərbaycan əraziləri erməni işğalı altındadır:

“O ərazilər, əzəli və əbədi Azərbaycan torpaqları işğaldan azad olunmayınca, işğalçı qoşunlar geri çəkilməyincə, həmin ərazilər boşaldılmayınca, işğal faktına son qoyulmayınca Dağlıq Qarabağla bağlı heç bir addım atıla bilməz. Kimsə orada nə referendum keçirə, nə hansısa qərar verə və onu reallaşdıra bilər.

Azərbaycan dövlətinin, dövlət rəsmilərinin də daim bəyan etdiyi kimi, Dağlıq Qarabağ ermənilərinə yalnız muxtariyyət verilə bilər, o da bir şərtlə ki, işğala son qoyulmuş, işğalçı qoşunlar işğal olunmuş Azərbaycan ərazilərini tərk etmiş olsun.

Odur ki, Paşinyan yaxşı olardı gedib aclıq, yoxsulluq, səfalət həddində olan ölkəsini, xalqını düşdüyü bəlalardan xilas etməyin yolunu axtarsın, Azərbaycanın işlərinə qarışmasın, təxribatçılıq və fitnəkarlıq əməllərinə son qoysun, Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə kömək etməyə çalışsın. Bunları etməsə, etməyəcəksə, özünü də, dövlətini də, xalqını daha böyük fəlakətlərə, uçuruma sürükləyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti