...

Əcnəbi diplomatlar üçün ixtisasartırma kursu başa çatıb

Siyasət Materials 3 Dekabr 2019 19:50 (UTC +04:00)

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə əməkdaşlıq çərçivəsində Asiya, Afrika, Latın Amerikası və Avropanın bir sıra ölkələrinin diplomatları üçün cari ilin 10-30 noyabr tarixlərində həyata keçirdiyi “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı” (“Advanced Foreign Service Program for Foreign Diplomats”) adlı ixtisasartırma kursu başa çatıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 15 ölkədən (Argentina, Banqladeş, Bosniya və Herseqovina, Efiopiya, Ekvador, Əfqanıstan, Fələstin, Laos, Pakistan, Seneqal, Serbiya, Ruanda, Uruqvay, Vyetnam və Yəmən) olan diplomatların iştirak etdiyi proqramda dünya siyasəti, beynəlxalq hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq (Azərbaycanın tarixi, geosiyasəti, enerji diplomatiyası, nəqliyyat-tranzit infrastrukturu, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s.) kimi mövzuları əhatə edən mühazirələr, işçi seminarlar təşkil edilmişdir. Həmçinin proqram çərçivəsində əcnəbi diplomatlar Azərbaycan Respublikasının Milli Məclisində, Xarici İşlər Nazirliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Neft Fondunda, “ASAN xidmət” mərkəzində, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olmuşdurlar.

Proqramın bağlanış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev iştirakçılar ilə görüşmüş və onlara proqramı müvəffəqiyyətlə bitimələrinə dair sertifikatlar təqdim etmişdir. Əcnəbi diplomatlar proqram haqqında müsbət təəssüratlarını bölüşərək, Azərbaycanı yaxından tanımaqdan xüsusi məmnun olduqlarını və burada əldə etdikləri bilik və bacarığın, təcrübənin onların gələcək fəaliyyəti üçün faydalı olacağını bildirmişdirlər.

Məlumat üçün qeyd edək ki, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency – AIDA) 2011-ci ildə təsis edilmişdir. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi və xarici ölkələr üçün humanitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti