Bakı. Trend:
Birgə səylərlə biz dövlətlərimiz arasında mövcud strateji tərəfdaşlığı möhkəmlədə bilərik.
Trend-in məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin adından verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
Ukrayna Prezidenti deyib: "Çox hörmətli İlham Heydər oğlu.
Çox hörmətli Mehriban Arif qızı.
Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Əvvəlcə Azərbaycan Respublikasına rəsmi səfərə dəvətə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.
Mən əvvəllər də burada olsam da, yeni statusda Azərbaycana ilk dəfədir səfər edirəm. Ölkənizi ziyarət etdikcə onun gözəlliyinə və bənzərsiz rəngarəngliyinə, ən əsası isə azərbaycanlıların qonaqpərvərliyinə heyran qalıram.
Dostluq münasibətləri ildən-ilə möhkəmlənən xalqlarımızı bu oxşar xüsusiyyət də birləşdirir. Məşhur Azərbaycan atalar sözündə deyilir: "Xalqların dostluğu sülhün təməlidir".
Ukrayna ilə Azərbaycanın dövlətlərarası münasibətlərinin tarixi uzaq 1919-cu ildən başlayır. Məhz o zaman - 1919-cu il fevralın 8-də Ukraynanın Azərbaycandakı xüsusi diplomatik missiyasının başçısı İvan Kraskovski etimadnaməsini Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskiyə təqdim etmişdir.
Ötən 100 ildə ölkələrimiz bir çox çətinliklərlə üzləşdilər, böyük uğurlara sevindilər, lakin hər zaman dostluq və iki müstəqil dövlətə qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldılar. Bu prinsiplərə Ukraynanın böyük dostu – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də riayət edirdi. Onun müdrik kəlamlarından birini xatırlatmaq istərdim: "Azadlıq və müstəqillik hər bir xalqın milli sərvətidir".
Ukrayna öz azadlığı və suverenliyini müdafiə etmək məcburiyyəti ilə üzləşdi. Biz sülhü və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edirik. Təəssüflər olsun ki, eyni təhdid öz ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycan qarşısında da durub. Lakin mən əminəm ki, dövlətlərimiz bu sınaqlardan müvəffəqiyyətlə keçəcək. İnanıram ki, uzun zamandır gözlənilən sülh həm Ukrayna, həm də Azərbaycan torpaqlarında zəfər çalacaq.
Bu gün aparılan danışıqlar Ukrayna və Azərbaycan arasındakı münasibətlərə yeni təkan vermək üçün ortaq səy və siyasi iradənin olduğunu təsdiqlədi. Bunun üçün böyük potensiala və gözəl perspektivlərə malikik.
Hörmətli İlham Heydər oğlu, Azərbaycana dəvət etdiyinizə və səmimi qəbula, eləcə də ölkələrimiz üçün vacib bütün məsələlər üzrə aparılan açıq və konstruktiv dialoqa görə Sizə səmimi təşəkkürümü bildirirəm. Ukraynaya edəcəyiniz səfəriniz zamanı bu dialoqun davam etdirilməsinə şad olaram. Əminəm ki, birgə səylərlə biz dövlətlərimiz arasında mövcud strateji tərəfdaşlığı möhkəmlədə bilərik.
Yaşasın Ukrayna, yaşasın Azərbaycan!"