Bakı. Elçin Mehdiyev – Trend:
Sabah keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin sayı 41 462 nəfərdir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
M.Pənahov bildirib ki, namizədləridən bir qismi sonradan könüllü şəkildə namizədliklərini geri götürüblər:
"Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır".
MSK sədri vurğulayıb ki, namizədlər üçün hər cür şərait yaradılıb:
“Onlar üçün hər cür şərait yaradılıb, heç kimə maneçilik törədilməyib. Seçkilərə kölgə salmaq istəyən insanlar da yersiz şikayətlər etməsin. Mənasız, dezinformasiya xarakterli fikirləri yaymağa cəhd etməsinlər. Boş yerə bizim vaxtımızı almasınlar. Onsuz da bütün halları araşdırırıq. Bəziləri sosial şəbəkələrdə ajiotaj yaratmağa çalışır, məsələləri şişirdir, əsassız məlumatlar yayırlar. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, əgər hər hansı xoşagəlməz hal olarsa, bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilməlidir. Doğurdan da xoşagəlməz hal varsa, dərhal tədbirlər görülüb aradan qaldırılacaq. Biz maksimum dərəcədə çalışırıq xoşagəlməz hallar olmasın. İndiyə qədər bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb”.
Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.
Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.