Bakı. Trend:
Masallı rayonunda 4 dairə seçki komissiyası - 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar və 72 saylı Yardımlı-Masallı Dairə Seçki komissiyaları fəaliyyət göstərir.
Trend-in məlumatına görə, 70 saylı Masallı şəhər seçki dairəsinə 42 seçki məntəqəsi daxildir. Qasımlı kənd seçki məntəqəsi kənddəki tam orta məktəbin binasında yerləşir. Məntəqədə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, burada 1249 nəfər seçici qeydiyyata alınıb.
Seçici Rəzzaq Məmmədov səsvermə ilə bağlı təəssüratını bölüşərək deyib: “60 yaşım var, çox seçkilərdə iştirak etmişəm. Parlament, bələdiyyə və prezident seçkilərində qəlbimin istəyinə uyğun səs vermişəm. Bugünkü səsvermə də çox yaxşı təşkil olunub, hamı sərbəst şəkildə istədiyi namizədə səs verir. Yaşadığım kəndi daha abad görmək istəyirəm. İnanıram ki, səs verdiyim namizədlər etimadımızı doğruldacaqlar.”
Müstəqil müşahidəçilərin də seçkinin gedişi ilə bağlı fikirlərini öyrəndik. Onlar bildirdilər ki, seçki məntəqəsi açılandan bəri proses Seçki Məcəlləsinin tələblərinə uyğun davam edir. Səsvermə zamanı hələlik heç bir qanun pozuntusu qeydə alınmayıb. Məntəqələrdə seçkinin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, seçicilər sərbəst şəkildə gəlib öz namizədlərinə səs verirlər.
70 saylı Masallı Şəhər Dairə Seçki Komissiyasının sədri İlkin Hüseynov dairə seçki komissiyasının digər məntəqələrində də seçicilərin fəallığının hiss olunduğunu bildirdi: “Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə üzrə 11 bələdiyyəyə 117 nəfər üzv seçilməlidir. Qeydə alınmış namizədlərin sayı isə 273 nəfərdir. Onların 148 nəfəri namizədliyini özü irəli sürüb, digərlərinin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb.”
71 saylı Masallı Kənd Dairə Seçki Komissiyasının sədri Loğman Şahbazovun verdiyi məlumata əsasən, dairə üzrə 42 məntəqədə 35 min 233 nəfər seçici qeydə alınıb. Seçicilərin 636 nəfəri ilk dəfə səs verən gənclərdir. Ən yaşlı seçici Qızılağac sakini 101 yaşlı Ağanənə Abbasovadır. 80-100 yaş arasında olan seçicilərin sayı isə 862 nəfərdir.
Dairə üzrə 12 bələdiyyəyə 124 nəfər üzv seçilməlidir. Namizədliyi irəli sürülənlərin əksəriyyəti siyasi partiyaların təmsilçiləridirlər.