...

Vüqar Rəhimzadə: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

Siyasət Materials 27 Fevral 2020 16:08 (UTC +04:00)
Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan və Türkiyənin əlaqələri son illərdə mühüm mərhələyə qədəm qoyub.
Vüqar Rəhimzadə: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

Bakı. Trend:

Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan və Türkiyənin əlaqələri son illərdə mühüm mərhələyə qədəm qoyub. Fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüş, səsləndirilən bəyanatlar, imzalanan yeni sazişlər onu deməyə əsas verir ki, iki qardaş ölkə arasında hərtərəfli münasibətlər getdikcə daha da güclənir. Elə Türkiyə tərəfindən Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Dilucu sərhəd-keçid məntəqəsində bir neçə gün əvvəl tətbiq olunan məhdudiyyətin aradan qaldırılması və məntəqənin fəaliyyətinin bərpa edilməsi də qardaşlıq münasibətlərinin ən bariz nümunəsi oldu.

Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında deyib.

Vüqar Rəhimzadə bildirib ki, hazırda qardaş ölkələrimiz iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqelərindən daha səmərəli şəkildə istifadə edirlər: “Hər iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri, liderlərin mütəmadi xarakter daşıyan qarşılıqlı səfərləri, görüşləri, müxtəlif zirvə toplantıları çərçivəsində təmasları, birlikdə həyata keçirdikləri beynəlxalq transmilli layihələr qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olur. Məhz bu mənada bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan, iki ölkə arasında münasibətlərin çox vacib elementlərindən olan neft və qaz layihələri təkcə regionda deyil, eləcə də dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb”.

“İki sahil” qəzetinin baş redaktoru, həmçinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti rəsmi səfərinin də mahiyyətini və nəticələrini açıqlayıb:

“Bu səfər zamanı Azərbaycan və Türkiyə arasında 14 yeni sənəd imzalandı və bu sazişlərin hər biri qardaş ölkələrin iqtisadi-ticari əlaqələrinin daha da gücləndirilməsinə imkan yaradacaq. Qeyd edim ki, iki ölkə arasında 2019-cu ildə ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Lakin imzalanan yeni sənədlərlə, o cümlədən preferensial ticarət sazişi ilə iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına böyük təkan veriləcək. Təsadüfi deyildir ki, yaxın gələcəkdə qardaş ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması planlaşdırılır. Yəni, hədəf ticarət dövriyyəsinin 3 dəfə artırılmasıdır. Bununla yanaşı, hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və onlar 300-dən çox layihə çərçivəsində 16 milyard dollar həcmində iş görüblər. Eyni zamanda, Azərbaycan Türkiyə iqtisadiyyatına 18, Türkiyə isə öz növbəsində Azərbaycana 12,5 milyard dollar sərmayə qoyub. Göründüyü kimi, dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan qardaş Türkiyə Respublikası ilə çoxşaxəli münasibətlərini inkişaf etdirməkdədir. Əminliklə demək olar ki, dövlət başçıları arasında aparılan danışıqlar, imzalanan mühüm sazişlər Azərbaycan və Türkiyəyə böyük siyasi və iqtisadi dividendlər gətirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti