...

Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 27 Fevral 2020 22:00 (UTC +04:00)
Sofiya şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bolqarıstanın Sofiya şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı və Bolqarıstan Müsəlmanlar Diyanəti Baş Müftiliyi və “Mədəni Qarşılıqlı Əlaqə Assosiasiyası” dərnəyinin dəstəyi ilə təşkil olunub.

Trend-in məlumatına görə, anım mərasimində Bolqarıstan Müsəlmanları İslam Şurasının sədri Vedat Əhməd və Bolqarıstan Dini İcmalar Milli Şurasının sədri Birali Birali başda olmaqla, Bolqarıstan Müsəlmanlar Diyanəti Baş Müftiliyinin təmsilçiləri, türk və müsəlman icmasının nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Sofiya şəhərindəki tarixi “Banya Başı” məscidində şəhidlərin ruhuna Qurani-Kərim oxunub. Bolqarıstan Müsəlmanları İslam Şurasının sədri Vedat Əhmədin rəhbərliyində ibadətə gələnlərlə birgə namaz qılınıb. Ardınca Qarabağda şəhid olmuş övladlarımızın, o cümlədən Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub. İbadətdən sonra səfirliyin təşkilatçılığı ilə iştirakçılara ehsan paylanılıb.

Daha sonra “Mədəni Qarşılıqlı Əlaqə Assosiasiyası” dərnəyinin inzibati binasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən bu ölkədəki səfirliyimizin əməkdaşı Kənan Məmmədov iştirakçılara 28-ci ildönümünü hüznlə qeyd etdiyimiz Xocalı soyqırımı haqqında məlumat verib. O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən yaxın tarixin ən qanlı və qəddar cinayətlərindən birinin – Xocalı soyqırımının törədildiyini qeyd edib. Yerli əhalinin sistematik və planlı şəkildə blokada şəraitində saxlanılmaqla xaincəsinə hücuma məruz qaldığı bildirilib.

Tədbirdə beynəlxalq insan hüquqları təşkilatlarının bu soyqırımı ilə bağlı məlumatları, nüfuzlu media qurumlarının xəbərləri və məhz ermənilərin özlərinin etiraflarına istinad olunmaqla, faciənin acı həqiqətləri diqqətə çatdırılıb. Çıxış zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından bəhs olunub və soyqırımı barədə dünya ictimaiyyəti arasında məlumatlılığın artırılmasında kampaniyanın rolu qeyd edilib. Kampaniyanın sosial media fəaliyyətinə dəstək göstərilməsinə çağırış olunub və Bolqarıstandan olan dostların da Xocalı soyqırımı ilə bağlı yaradılmış həştəqlərlə məlumat paylaşmaqla ədalətə dəstək göstərə biləcəkləri vurğulanıb.

“Sosial Birlik uğrunda Avropa Müsəlman Təşəbbüsü”nün (EMİSCO) mətbuat katibi Veysel Filiz Xocalı soyqırımı ilə bağlı Avropada aparılan fəaliyyətlər haqqında danışıb. O, Xocalı soyqırımı ilə bağlı məlumatlığın artırılması istiqamətində görülən işlərə, xüsusilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurlarına toxunub. Natiq Xocalıda baş verənləri insanlığa qarşı cinayət adlandıraraq, faciənin mahiyyətinin dünya miqyasında yayılması üçün QHT-lərin üzərinə böyük vəzifələrin düşüyünü bildirib.

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş və faciənin canlı şahidlərinin iştirakı ilə hazırlanmış sənədli film nümayiş etdirilib. Sonda isə Xocalı soyqırımı qurbanlarının adına ehsan süfrəsi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti