...

Məzahir Pənahov: MSK Milli Məclisə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün zəruri addımları atıb

Siyasət Materials 5 Mart 2020 10:20 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən seçkilərlə bağlı Təqvim Planı hazırlayıb və seçkilərin demokratik və şəffaf keçirilməsi üçün zəruri addımları atıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar MSK-nın Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclasında məruzə edərkən deyib.

M.Pənahov bildirib ki, namizədlərin irəli sürülməsi və onların qeydə alınması prosesi Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirilib və seçkilərdə 1314 namizəd iştirak edib.

O qeyd edib ki, seçkiqabağı təşviqatla bağlı namizədlər üçün lazımi şərait yaradılıb və onların seçicilərlə görüşməsi üçün heç bir məhdudiyyət qoyulmayıb. Namizədlərin təşviqat aparması üçün KİV-lərin imkanlarından istifadəsi üçün hər cür şərait yaradılıb.

Qeyd edilib ki, namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilər olub.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edib. 573 məntəqədə 340 689 məcburi köçkün səs verib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası və "AJF&Associates İnc." təşkilatı (Amerika Birləşmiş Ştatları) (birgə), Rəy Monitoqrinq Mərkəzi, "İnsan Hüquqları XXI əsr – Azərbaycan" Fondu və Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu (birgə) "exit poll" keçirəcək qurum kimi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti