...

Prezident İlham Əliyev: Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür

Siyasət Materials 19 Mart 2020 14:24 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür

Bakı. Trend:

Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı qeyd edib:

"Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir.

Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir. Mən bu mövzu ilə bağlı fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişdim və bir daha demək istəyirəm ki, bu, bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir.

İlin əvvəlindən görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha təsdiqləyir, Azərbaycan müasirləşir, yeniləşir. Azərbaycanda aparılan islahatlar demək olar ki, bütün sahələri əhatə edir. 2019-cu ildə aparılan islahatlar iqtisadi sahədə böyük dəyişikliklərə səbəb oldu. Məhz şəffaflıq prinsiplərinin tətbiqi nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil edildi və bu vəsait son qəpiyinə qədər insanların sosial problemlərinin həllinə istiqamətləndirildi. Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti