...

Eldəniz Səlimov: Pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir

Siyasət Materials 22 Aprel 2020 11:01 (UTC +04:00)
Eldəniz Səlimov: Pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Həyata keçirilən bütün tədbirlər dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur:

“Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb".

Millət vəkili qeyd edib ki, insanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir:

"Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük vəsait ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.

Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib”.

Deputat vurğulayıb ki, pandemiya ilə əlaqədar əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir:

“Həmin məqsədlə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və digər istiqamətləri əhatə edir.

Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Qeyd edək ki, xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda onlar işləməyə davam edirlər. İki ay müddətinə haqqı ödənilən ictimai işlər üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb.

İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri bir neçə tədbiri əhatə edir. Bunlardan ən mühümü ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsidir. Aprelin 7-də Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib və çox qısa müddətdə, cəmi iki gün sonra ödənişlərə başlanılıb. Prezidentin tapşırığı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti