...

Rauf Əliyev: Yeniyetmələrin idman mərc oyunlarında iştirakına yol verənlərə qarşı ciddi tədbirlər görülməlidir

Siyasət Materials 2 May 2020 21:46 (UTC +04:00)
Rauf Əliyev: Yeniyetmələrin idman mərc oyunlarında iştirakına yol verənlərə qarşı ciddi tədbirlər görülməlidir

Bakı. Trend:

Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlərə qarşı ciddi tədbirlər görülməlidir.

Trend-in məlumatına görə, Milli Məclisin 01.05.2020-ci il tarixdə keçirilən iclasında "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində" və "Bədən tərbiyəsi və idman haqqında" Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununa təklif olunan yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verilmir. "Bu maddənin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi"nə təklif olunan "İdman mərc oyunlarının satıcıları tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verməsinə görə beş yüz manat cərimə edilir" adlı dəyişikliklərə öz münasibətini bildirib.

Rauf Əliyev qeyd edib ki, idman mərc oyunlarının təşkilində məqsəd bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə əlavə vəsaitlərin əldə olunmasıdır. İdman mərc oyunlarının təşkili və keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası" və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları" haqqında müvafiq qərarı ilə tənzimlənir. Qaydalara görə idman mərc oyunlarından əldə olunan dövriyyə aşağıdakı məcburi ödənişlər tutulduqdan sonra təşkilatçının sərəncamına verilə bilər.

Daha sonra Rauf Əliyev qeyd edib ki, indiki zamanda yetkinlik yaşına çatmayanlarla bağlı qanuna təklif olunan əlavə maddənin əhəmiyyəti çox böyükdür: "Yeniyetmələr bizim gələcəyimizdir. Ona görə də onların idman mərc oyunlarında iştirakının qarşısı bütün vasitələrlə alınmalıdır. Buna görə lazım olarsa gələcəkdə təkilf olunan cərimənin məbləği bir qədər də artırıla bilər. Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlərə qarşı ciddi tədbirlər görülməlidir.

O eyni zamanda qeyd edib ki, çox təəssüflər olsun ki, hazırda qanunla müəyyən olunmuş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə hələ də rast gəlinir: "Qara bazarda qeyri-qanuni yolla keçirilən oyunlarda kifayət qədər maliyyə vəsiti əldə olunaraq ölkədən çıxarılr. Qanuni fəaliyyət göstərən təşkilatçılar həm dövlət büdcəsinə vergi ödəyir, həm də ölkədə idmanın və bədən tərbiyəsinin inkişafına maliyyə dəstəyi göstərirlər. Bu işbazlar isə nə vergi ödəyir, nə də idmanın və bədən tərbiyəsinin inkişafına vəsait ayırırlar. Belə hallar qanunvericiliyə uyğun fəaliyyət göstərən təşkilatçıların işinə zərər vurur. Qanunvericilikdə idman mərc oyunlarının qeyri-qanuni təşkilinə görə üç min manatdan dörd min manatadək cərimə nəzərdə tutulur. Bu cərimə məbləğinin də artırılması məqsədəuyğun olardı. Bu gün təklif olunan əlavə və dəyişikliklər də nəzərə alınmaqla bu sahədə mövcud olan qanunvericilik imkan verir ki, idman mərc oyunları lazımi səviyyədə təşkil olunsun. Sadəcə olaraq qanunlara ciddi əməl olunmalıdır".

Çıxışının sonunda Rauf Əliyev bu sahəyə nəzarət edən müvafiq dövlət qurumlarına müraciət edərək bu istiqamətdə nəzarət tədbirlərini bir qədər də gücləndirməyə çağırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti