...

Vüqar Rəhimzadə: ABŞ Prezidentinin məktubu rəsmi Vaşinqtonun Azərbaycana dəstəyinin parlaq ifadəsidir

Siyasət Materials 16 May 2020 14:31 (UTC +04:00)
Vüqar Rəhimzadə: ABŞ Prezidentinin məktubu rəsmi Vaşinqtonun Azərbaycana dəstəyinin parlaq ifadəsidir

Bakı. Trend:

Böyuklüyündən kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəz etməkdədir. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına 28 May-Respublika Günü münasibəti ilə təbriki dünyanın fövqəldövlətinin ölkəmizlə əlqələrinin hazırkı səviyyəsinə aydınlıq gətirməklə yanaşı, iki dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçməsinin göstəricisi kimi də qəbul edilə bilər. Məktubunda “Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki boyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər” bildirən Amerika Birləşmiş Ştatlarının Prezidenti “iki böyük dövlət, iki böyük xalq” ifadəsi ilə Azərbaycanın gücünü, qüdrətini, xalqımızın böyüklüyünü, dünya xalqları arsında özünəməxsus yer tutmasını, zaman baxımından o qədər də böyük olmayan müstəqillik tarixində ölkəmizin sözün həqiqi mənasında 100 ilə bərabər inkişaf yolu keçdiyini, müstəqil siyasəti ilə beynəlxalq münasibətlər sistemində ozünə layiq yer tutduğunu təsdiqləyir. Bu məktubdan aydın görünür ki, Donald Tramp Azərbaycanı nüfuzlu və güclü dövlət olduğunu bir daha təsdiq edir. Bu, iki dövlət arasında yaxın tərəfdaşlıq münasibətlərinin göstəricisi kimi səciyyələndirilməlidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, son 30 ilə yaxın dövrdə ABŞ-Azərbaycan tərəfdaşlıq münasibətləri yüksək dəyərləndirilir, bu əlaqələrin davamlı inkişafı arzu edilir. ABŞ Prezidenti Birləşmiş Ştatların qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışdığını, daim Azərbaycan xalqının yanında olduğunu, demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqliyini bildirib. Həmçinin, D.Tramp ABŞ-in regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək ATƏT-in Minsk qrupu prosesi vasitəsilə Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirəcəyini vurğulayır.

Baş redaktor bildirib ki, məktubun məzmunundan dünyanın nüfuzlu dövlətlərindən olan ABŞ-ın Azərbaycana, onun suverenliyinə və müstəqilliyinə dəstəyi aydın şəkildə görmək olur. Prezident D.Tramp bildirir ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir.

V.Rəhimzadə onu da vurğulayıb ki, məktubda beynəlxalq hüququn dövlətlərarası münasibətləri tənzimləyən təməl norma və prinsiplərinə diqqətin göstərilməsi təsadüfi hesab edilməməlidir: “Dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun əsas aparıcı qüvvəsinə, sabitləşdirici faktora çevrilib. ABŞ Prezidentinin məktubunda da bu uğurumuza işarə özünü qabarıq şəkildə büruzə verir. Həmçinin bildirilir ki, ABŞ beynəlxalq təhlükəsizliyin gücləndirilməsində Azərbaycanı əsas tərəfdaşı hesab edir. Göründüyü kimi, ölkəmizin beynəlxalq sülhə, təhlükəsizliyə, qlobal inkişafa verdiyi töhfələr beynəlxalq səviyyədə yüksək dəyərləndirilir”.

“Bu faktı da xüsusi qeyd etməliyik ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ön cərgələrdədir” söyləyən V.Rəhimzadə bildirib ki, 2001-ci ilin sentyabrinda ABŞ-da baş veren terror aktını xatırlayaq: “Azərbaycan bu terrora ilk münasibət bildirən dövlət oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq terrorizmlə mübarizənin ön cərgəsində olduğunu önə çəkərək bunu əməli işdə sübut etməyin vacibliyini bəyan etmişdir. Həmin ərəfədə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Trabzonda bir araya gələrək beynəlxalq terrorizmlə birgə mübarizənin vacibliyi məsələsini müzakirə etdilər. Həmin terror hadisəsinə yenə də laqeyd yanaşan yeganə dövlət işğalçı Ermənistan olmuşdur. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi töhfələr, ən əsası ABŞ-da baş verən terror hadisəsinə münasibəti rəsmi Vaşinqton tərəfindən yüksək dəyərləndirilir və bu məqamlara diqqət ABŞ Prezidentinin məktubunda da öz əksini tapib. Bu faktı da xüsusi qeyd etməliyik ki, 2001-ci ildə baş verən terror aktı ABŞ dövlətinin xarici siyasətində, ən əsası Azərbaycana qarşı münasibətində dəyişiklikləri şərtləndirdi. Belə ki, həm məlum terror aktı, həm də 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən, birbaşa dövlət yardımlarının göstərilməsini qadağan edən “Azadlığa Dəstək Aktı”na edilmiş 907-ci düzəlişin Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ədalətsizliyi etiraf olunmaqla yanaşı, bu sənədin tətbiqinin birillik dondurulması ilə bağlı qərar qəbul olundu. O vaxtdan ötən dövr ərzində hər il həmin qərar yenidən təsdiqlənir. Beləliklə, o zamandan Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xidmət edən biri-birindən əhəmiyyətli addımlar atılır. Ümidvarıq ki, əlaqələrin yüksələn xətlə inkişafı fonunda ABŞ hökuməti qeyd etdiyimiz düzəlişin birdəfəlik aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək”.

V.Rəhimzadə vurğulayıb ki, ABŞ Prezidentinin məktubu Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verməklə yanaşı, qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesinə xələl gətirən işğalçı Ermənistanın hazırkı rəhbərliyinin ünvanına ciddi mesajları da özündə ehtiva edir. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ Ermənistanın danışıqlar formatının dəyişdirilməsi cəhdlərini rədd edir. Məktubda yer alan bu məqamlar Azərbaycanın tarixi torpaqlarının işğalının dünyanın böyük nüfuza malik dövləti tərəfindən qəbuledilməzliyi kimi diqqət çəkir.

Baş redaktor onu da qeyd edib ki, Amerika Birləşmiş Ştatlarını təmsil edən CISCO şirkətinin təsəbbüsü ilə dövlətimizin başçısı İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında mayın 15-də keçirilən videokonfransda da möhtərəm Prezidentimiz iki dövlət arasında münasibətlərə diqqət yönəldərək bildirmişdir ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur: "Diqqəti ABŞ Prezidentinin məktubuna yönəldən möhtərəm Prezidentimiz bildirmişdir ki, Donald Tramp xüsusi olaraq qeyd edir ki, iki böyük dövlət gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür".

V.Rəhimzadə ABŞ Prezidentinin məktubunda dünyanı bürüyən pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsinə yüksək dəyər verildiyinin də yer aldığını bildirib. “Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır” bildirən ABŞ Prezidenti möhtərəm Prezidentimiz İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirləri təqdir edir. Ən önəmli məqam ondan ibarətdir ki, ABŞ kimi, Azərbaycan da xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımını əsirgəmir və bu məqamlar məktubda öz əksini tapıb.

Baş redaktor ABŞ Prezidentinin məktubunu ümumilikdə iki böyük dövlət və iki böyük xalq arasında əlaqələrin, ən əsası diplomatik baxımdan yanaşsaq, rəsmi Vaşinqtonun Azərbaycana dəstəyinin parlaq ifadəsi kimi dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti