...

Prezident İlham Əliyev: Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik

Siyasət Materials 1 İyun 2020 23:50 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik

Pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda deyib.

Dövlət başçısı qeyd edib:

"Bunu Ümumdünya Səhiyyə Təşkilatının bəyanatları da göstərir. Belə ki, ÜST-ün bəyanatlarına əsasən, Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Biz, həmçinin böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq.

Biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Lakin bununla belə, biz bu insanların bu problemdən əziyyət çəkdiyini başa düşürük. Bu səbəbdən də 4 ay ərzində iqtisadi artımımız çox az olmuşdur, bununla belə, 0,2 faiz təşkil etmişdir. Mən bilirəm ki, hazırda bir çox ölkələr, əfsuslar olsun, resessiyadadır. Beş ayın nəticələri hələ ki, bizə məlum deyil, ola bilsin, 1 həftə ərzində məlum olacaq. Lakin düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim üçün əlbəttə ki, çağırışdır. Lakin biz addımlarımızı, büdcəmizi yeni reallıqlara uyğunlaşdırmağa nail olmuşuq və reallıqlar necə olsa, biz bunu nəzərə almalıyıq. Biz sosial layihələrin heç birini ixtisara salmamışıq, onların hamısı büdcəmizdə qalır. Lakin o layihələr ki, bir neçə il gözləyə bilər, onlar, əlbəttə, ola bilsin bir qədər təxirə salınsın. Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq.

Mən bilirəm ki, çox ölkələr, eşitdiyimə görə, 150-dən çox ölkə maliyyə dəstəyi üçün artıq beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan onların arasında deyil. Bilirsiniz ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti