...

Azərbaycan Prezidenti: Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft, qaz, deməli yanacaq və elektrik enerjisini ixrac edir

Siyasət Materials 15 İyul 2020 23:40 (UTC +04:00)
Azərbaycan Prezidenti: Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft, qaz, deməli yanacaq və elektrik enerjisini ixrac edir

Bakı. Trend:

Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft, qaz, deməli yanacaq və elektrik enerjisini ixrac edir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqində deyib.

Dövlət başçısı bildirib:

"Şahin Mustafayev mənə məruzə edib ki, bu günə qədər heç vaxt Azərbaycanda su balansı tutulmamışdır. Bu da dözülməz haldır. Biz əgər bu su balansını müəyyən etməsək, onda bu sudan necə istifadə edəcəyik? Biz necə ki, hər il enerji balansımızı təsdiq edirik, eyni qaydada burada da vəziyyət ona oxşar olmalıdır. Biz son illər ərzində ölkəmizin enerji təhlükəsizliyini təmin etdik və bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft, qaz, deməli yanacaq və elektrik enerjisini ixrac edir. Yəni, bu, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz əvvəlki illərdə ancaq neft yanacağı ixrac edirdik. Neft, qaz ixrac etmirdik, elektrik enerjisini ixrac etmirdik.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və ondan bir qədər əvvəl Bakı-Supsa, Bakı-Novorossiysk kəmərlərinin işə düşməsi nəticəsində nefti ixrac etməyə başladıq, ondan sonra qazı, daha sonra da elektrik enerjisini. Ona görə bu sahədə istədiyimizə tam nail olduq və bu yaxınlarda Mingəçevir İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışı bizim gücümüzü daha da artırdı. 2400 meqavat gücündə stansiyadır və biz son illər ərzində 800 meqavat həcmində itirilmiş gücləri bərpa etdik və bu proses davam etdiriləcək.

Nəqliyyat təhlükəsizliyi təmin edilib. Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilibdir və bizim fəal iştirakımızla Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri fəaliyyətdədir və deyə bilərəm ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol mövcuddur. Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa. Hər ikisi Azərbaycan üzərindən keçir və təbii ki, bizim imkanlarımız daha da genişlənir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini nəzərə alsaq, bu da Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Deməli, təsəvvür etmək çətin deyil ki, bu sahədə də nəqliyyat təhlükəsizliyimizi təmin etmişik.

Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxara biləcək məhsullara da diqqət yetirilməlidir. Ona görə həm Kənd Təsərrüfatı Nazirliyi və eyni zamanda, İqtisadiyyat Nazirliyi, digər qurumlar bu məsələ ilə məşğuldurlar. Yəni, demək istəyirəm ki, biz bu üç istiqamət üzrə önəmli nailiyyətlərə çatdıq. Bizdə su təhlükəsizliyi məsələsi həll olunmayıb. Sirr deyil ki, su ehtiyatlarının böyük hissəsi sərhədlərimizin kənarında formalaşır. Ona görə burada qonşu ölkələrlə yeni əməkdaşlıq formatı, itkilərin azaldılması və aidiyyəti qurumların birgə işləməsi təşkil edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti