Bakı. Elçin Mehdiyev - Trend:
14 iyulda Orduya dəstək yürüşü zamanı təxribat törətməyə cəhd edənlərin bir hissəsi həbs olunub. Onlar arasında Əli Kərimlinin müşaviri Asif Yusifli də var. Bu heç də təsadüfi deyil. Artıq hər kəs bilir ki, Əli Kərimli və ətrafındakılar xarici dairələrin və ermənipərəst qüvvələrin tapşırığını yerinə yetirirlər.
Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, erməni silahlı qüvvələrinin iyulun 12-də Tovuz istiqamətində törətdiyi təxribata Azərbaycan Ordusu layiqli cavab verdi. Düşmən tərəf çox böyük canlı qüvvə və texnika itkisinə məruz qaldı. Təəssüf ki, heç bir müharibə itkisiz olmur. Azərbaycan tərəfi də itki verib. Allah şəhidlərimizə rəhmət eləsin. Hər birinin ruhu qarşısında baş əyirik.
Həm hərbçilərimizin dəfnində, həm də iyulun 14-də axşam saatlarında insanların Bakıda küçələrə axışması şəhidlərimizin ruhuna göstərilən hörmət, eyni zamanda Ali Baş Komandanımıza və Milli Ordumuza dəstəyin bariz nümunəsi idi:
"Bu, hər birimiz üçün fəxarət hissi idi. Ordumuz da xalqın bu böyük dəstəyi ilə daha da şücaət göstərəcək. Çünki ordumuz və Ali Baş Komandanımız bilir ki, xalqımız onlara dəstəkdir və onların arxasındadır".
O qeyd edib ki, aksiya zamanı kiçik qrupun təxribatı bağışlanmazdır. Çünki belə bir vətənpərvərlik, orduya dəstək aksiyasının mahiyyətini dəyişməyə cəhd göstərmək düşmən dəyirmanına su tökməkdir: “Təbii ki, burada ermənipərəst dairələrin, anti-azərbaycançı mərkəzlərin və onların əlaltısı olan “beşinci kolon”un birbaşa rolu var.
Artıq təxribat törətməyə cəhd edənlərin bir hissəsi həbs olunub. Onlar arasında Əli Kərimlinin müşaviri Asif Yusifli də var. Bu heç də təsadüfi deyil. Artıq hər kəs bilir ki, Əli Kərimli və ətrafındakılar xarici dairələrin və ermənipərəst qüvvələrin tapşırığını yerinə yetirirlər. Həmin gecə də onlar öz fəaliyyətlərindən geri qalmadılar, xalq, dövlət üçün həssas bir dönəmdə də öz çirkin əməllərini həyata keçirməyə çalışdılar. Bu bir daha göstərir ki, onlar üçün xalq, müstəqillik, dövlətçilik, ərazi bütövlüyü heç bir əhəmiyyət daşımır. Onlar sadəcə bu amillərdən istifadə edərək xaricdəki ağalarının əmirlərini yerinə yetirirlər. Əlbəttə, həmin çirkin təxribatı törədənlərin qanun çərçivəsində cəzalandırılacağına şübhə yoxdur”.
Millət vəkilinin sözlərinə görə, unutmamalıyıq ki, hazırda təhlükəli məqamdır və virus faktını görməzdən gəlmək olmaz: "Koronavirus pandemiyası dövründə bu qədər insanın bir yerə toplaşması, yaxın məsafədə təmasda olması çox təhlükəli bir məqamdır. COVID-19-a qarşı aparılan mübarizə çərçivəsində ölkəmizdə bir çox işlər görülüb. İnsanlarımız anlamalıdırlar ki, bu gün müharibə şəraitində olan ölkəmiz, həm də koronavirus kimi bir bəla ilə mübarizə aparır".
C.Osmanov söyləyib ki, bu məsələdə xüsusilə səhiyyəmizin üstünə çox iş düşür və səhiyyə işçilərimiz bu virusla amansız mübarizə aparırlar: "Cəbhədən gələn yaralılarımız olur və eyni zamanda virusa yoluxmuş insanlarımızın sayı çoxalarsa, bu da səhiyyəmizi çətin vəziyyətə sala bilər. Biz xalq olaraq bu məsələlərdə daha diqqətli olmalı, vəziyyəti daha dərindən analiz etməli və heç bir emosiyaya yol verməməliyik. Biz hər birimiz vətədaş olaraq yenə də Ali Baş Komandanımızın yanında olmalı, onun tapşırıqlarına əməl etməklə Ordumuza arxa cəbhədə öz dəstəyimizi göstərməliyik".