Bakı. Trend:
Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Siz rayonların rəhbərləri kimi sahibkarlara yaxşı şərait yaratmalısınız və bu, özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Buna da ehtiyac var. Çünki pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərini müvəqqəti olaraq itiriblər, ona görə dövlət onların yardımına gəldi, onlara əl tutdu, onlara əl uzatdı. Bildiyiniz kimi, işini itirmiş insanlar, o cümlədən qeyri-formal sahədə çalışan insanlar dövlət tərəfindən maddi cəhətdən dəstəklənir. Eyni zamanda, bu il rekord sayda ödənişli ictimai iş yerləri açılmaqdadır. Bu iş yerlərinin sayı 90 minə çatacaq və bu sahədə də şəffaflıq olmalıdır. Çünki son vaxtlar həbs olunan bütün icra başçılarının cinayət əməlləri demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin də əməkhaqqının mənimsənilməsi onlar üçün adi hala çevrilmişdi. Həbs edilmiş bütün icra başçılarının ya öz iş otaqlarından, ya da köməkçilərinin otaqlarından insanların ödəniş kartları çıxdı. Kasıb adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə bu məsələlər öz həllini tapacaq.
Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Mən deyə bilərəm ki, bütün prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi verirdim və bu tövsiyələr bizim ümumi yanaşmamızı əks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsin və sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiniz. Ona görə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işləyəcəksiniz ki, xalq sizin işinizdən razı olsun".