...

Azadlıq şahinləri Gəncə səmasında (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 15 Sentyabr 2020 15:37 (UTC +04:00)
Azadlıq şahinləri Gəncə səmasında (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. Samil Əli - Trend:

Gəncə üzərində Azərbaycan və Türkiyə hərbi təyyarələrinin uçuşları keçirilib

Sentyabrın 15-də saat 15.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib. Uçuşlar Bakı şəhərinin işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü ilə əlaqədar baş tutub. Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunublar.

Trend-in məlumatına görə, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və şəhər ictimaiyyətinin nümayəndələri uçuşları izləyiblər. Əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıran gənclər tədbirə xüsusi abu-hava qatıblar.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Bu gün Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Gəncə səmasında birgə uçuşlar keçirməsi bunu bir daha nümayiş etdirdi.

X X X

14.40

Gəncədə hərbi uçuşlar başlayıb.

Trend-in məlumatına görə, Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar Gəncədə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri uçuşlar həyata keçirir.

X X X

12.18

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti