...

İranın Vəkillər Kollegiyası: Qarabağ azad olunmalıdır

Siyasət Materials 1 Oktyabr 2020 14:30 (UTC +04:00)
İranın Vəkillər Kollegiyası: Qarabağ azad olunmalıdır

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərini işğal edib və bu ərazilər azad olunmalıdır.

Trend-in məlumatına görə, bu, İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayəti üzrə Vəkillər Kollegiyasının bəyanatında öz əksini tapıb.

İranın Şərqi Azərbaycan vilayəti üzrə Vəkillər Kollegiyasının Azərbaycan dövləti və xalqına dəstək bəyanatında qeyd olunur ki, 30 ilə yaxındır ki, Ermənistan beynəlxalq qanunları pozaraq Azərbaycanın ərazilərini işğal edib.

Bəyanatda bildirilir ki, Ermənistanın işğalçılığının davam etməsi və işğal olunmuş ərazilərin azad edilməsi ilə əlaqədar Azərbaycanın son hərbi addımları öz ərazilərini azad etmək və azərbaycanlıların həyatını qorumaq istiqamətindədir:

“Bəllidir ki, demokratiya sülh olan ərazilərdə inkişaf edə bilər. Qafqazda isə sülh Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ və digər ərazilərin işğalına son qoyulmadan mümkün olmayacaq”.

Bəyanatda qeyd olunur ki, buna əsasən, İranın Şərqi Azərbaycan Vəkillər Kollegiyası Ermənistanın işğalçılığı və beynəlxalq qaydaları pozmasını sərt şəkildə qınayır, eləcə də öz mənafelərini işğalçılığın davam etməsində görən bəzi regional oyunçuların hərəkətlərini pisləyir:

“İranın Şərqi Azərbaycan vilayəti üzrə Vəkillər Kollegiyası İranın Xarici İşlər Nazirliyi, ictimai dairələri və Kütləvi İnformasiya Vasitələrindən İran İslam Respublikasının konstitusiyasına əsasən, Azərbaycan xalqını diplomatik və media cəhətdən dəstəkləməsini və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunması ilə əlaqədar addımlar atmasını istəyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti