...

Sahil Kərimli: Ali Baş Komandan qurub yaratdığı qüdrətli Ordu ilə şanlı tarix yazır

Siyasət Materials 3 Oktyabr 2020 09:06 (UTC +04:00)
Sahil Kərimli: Ali Baş Komandan qurub yaratdığı qüdrətli Ordu ilə şanlı tarix yazır

Bakı Trend:

Bölgədə yeni dövr başlayır. Dayanıqlı sülh və dönməz təhlükəsizlik dövrü. Bu məsuliyyətli missiyanı Azərbaycan dövləti üzərinə götürüb. Bölgə üçün yeganə təhlükə mənbəyi olan işğalçı Ermənistan artıq layiq olduğu cəzanı alır. Bu şərəfli tarixi Azərbaycan Ordusu yazır. İşğal altındakı torpaqlarımız düşməndən təmizlənir. Şanlı əsgərlərimiz gücünü döyüş meydanlarında göstərir. Azərbaycan Vətən Müharibəsini şərəflə aparır. Ali Baş Komandanın qətiyyətindən güc alan qüdrətli Ordumuz düşmənə heç vaxt görmədiyi amansız dərs verir. Azərbaycan Prezidenti işğalçı ölkəyə başqa çıxış yolu qoymur. Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları tərk etməyincə döyüşlər davam edəcək.

Əslində, vaxtilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını öz üzərinə götürən beynəlxalq təşkilatların etməli olduğu işi bu gün Azərbaycan dövləti həyata keçirir. Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzün bərpası uğrunda uğurlu əks-hücum əməliyyatları keçirməklə həm də beynəlxalq hüququ təmin edir. Dağlıq Qarabağ və ətraf rayonlarımızın işğalçılardan təmizlənməsi bölgədə sülhün və təhlükəsziliyin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Regionumuz tam sabitlik və təhlükəsizlik dövrünə doğru irəliləyir. Uzun illərdir dünyada sülhə və təhlükəsziliyə əvəzssiz töhvələr verən Azərbaycan tezliklə Qarabağdakı erməni quldur dəstələrini tam zərərsizləşdirməklə bölgədə dönməz və uzunömürlü sabitlik yaradacaq. Ölkəmizin bu şərəfli missiyası tək region üçün deyil, bütün dünya üçün uğurlu perspektivlər vəd edir. Azərbaycan dünya üçün əvəzedilməz tərəfdaş, etibarlı enerji təminatçısı, bir çox istiqamətlərdə əlverişli tranzit mərkəzidir. Prezident İlham Əliyevin müəllifi olduğu nəhəng neft-qaz, enerji və yükdaşıma layihələrinin gələcək taleyi üçün bölgədə təhlükəsziliyin tam təmin edilməsi şərtdir.
Ötən hər saatda cəbhədən xoş xəbərlər gəlir. Bütün cəbhə boyu genişmiqyaslı döyüşlər gedir və bir çox istiqamətlərdə inamlı qələbələr var. İşğalçı Ermənistan ordusu öldürücü zərbələrə tab gətirmir və döyüş meydanından qaçır. Düşmənin alayları, taborları, manqa və bölükləri, silah anbarları dəqiq atəşlərlə darmadağın edilir. Saysız-hesabsız artileriya qurğuları, döyüş texnikası məhv edilir. İşğalçı ordunun canlı itkisi və yaralıları həddən artıqdır. Düşmən panika və qorxu içindədir. Uzun illərdir ki, işğalda saxlanılan əzəli və tarixi Azərbaycan torpaqlarında indi bayraqlarımız dalğalanır. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin uğurudur. Bu, Azərbaycan xalqının, Azərbaycan Ordusunun qələbəsidir.

Ermənistan Silahlı Qüvvələri ağır və sarsıdıcı məğlubiyyətlə üzləşdiyindən yenə insanlığa sığmayan, faşizmə söykənən təxribatlar törədir. Düşmən məğlubiyyətin acısını mülki əhalimizi atəşə tutmaqla çıxarır. Dinc əhalimiz, mülki şəxslər, yaşayış məntəqələri qəsdən davamlı atəşə tutulur. Özü də əksər hallarda Ermənistan ərazilərindən. Əhali arasında ölən və yaralananlar var. Bu, sözün əsl mənasında faşizmdir. Azərbaycan Silahlı Qüvvələrinə döyüş əmrinin verilməsinə əsas səbəb də düşmənin əvvəlki dövrlərdə həyata keçirdiyi bu tipli hərbi təxribatlardır. Azərbaycan Ordusu Ermənsitanın növbəti hərbi təcavüzünün qarşısını almağa, mülki əhalinin təhlükəsizliyini təmin etməyə məcburdur.

Bütün qələbələrin təməlində vətənpərvəlik və döyüş ruhu dayanır. Azərbaycan cəmiyyəti 30 ilə yaxındır ki, bu günü gözləyirdi. Odur ki, ölkəmizdə görünməmiş ruh yüksəkliyi müşahidə olunur. Vətəndaş həmrəyliyi zirvədədir. Bütün ölkə Ali Baş Komandanın və qəhrəman Ordunun yanındadır. Belə Ordu qələbələrə layiqdir. Ordumuzun son şanlı qələbələri Azərbaycan xalqına növbəti fəxr və qürur hissi yaşadır. Uzun illərdir gözlənilən qələbə xəbərləri insanlara inanılmaz ruh yüksəkliyi verir. Bu qələbələr Azərbaycan dövlətinə, Ordumuza və Ali Baş Komandan İlham Əliyevə olan inam və etibarı daha sarsılmaz edir.
Bu gün Azərbaycan cəmiyyətində görünməmiş birlik, möhkəm vətəndaş həmrəyliyi, möhtəşəm vəhdət yaranıb. Bütün Azərbaycan döyüş əmri verən Ali Baş Komandanın, bu döyüşləri yüksək peşəkarlıqla aparan şərəfli əsgər və zabitlərimizin, qalib Ordumuzun yanındadır. Prezident İlham Əliyevin elan etdiyi qismən səfərbərlikdən dərhal sonra cəbhəyə könüllü getmək istəyən gənclərin sayı-hesabı yoxdur. Hər bir Azərbaycan vətəndaşı böyük ruh yüksəkliyi ilə Orduya yollanır və bu həmrəylik gücümüzə güc qatır. Hər gün Azərbaycan vətəndaşları ilə yanaşı bir sıra qardaş və dost ölkə vətəndaşlarından Prezident İlham Əliyevin ünvanına minlərlə məktub və minnətdarlıq müraciətləri gəlir. İnsanlar Prezident İlham Əliyevin dönməz və qətiyyətli mövqeyini alqışlayır, ölkə başçısına öz dəstəyini və etimadını ifadə edir. Bax budur, milli həmrəyliyin, yenilməz qardaşlığın və türk birliyinin göstəricisi.

Təəssüf ki, müharibə itkisiz olmur. Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlərimiz və yaralılarımız var. Həlak olan qəhrəmanlarımızın əziz xatirəsi dövlətimiz və xalqımız üçün ucadan da ucadır. Bizim əsgərlərimiz haqq yolunda, müqəddəs torpaqlarımız, gələcək nəsillərin xoşbəxtliyi uğrunda şəhid olur. Bu ən yüksək zirvədir.

Prezident İlham Əliyev daim müharibə iştirakçılarına və əlillərinə, məcburi köçkünlərə və şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu həssas kateqoriyadan olan insanların sosial rifahı, mənzil şəraitinin yaxşılaşdırılması dövlət siyasətində prioritet təşkil edib. Bu siyasət eynilə bu gün də davam etdirilir. Prezident İlham Əliyevin döyüş əməliyyatlarında şəhid olan və yaralanan hərbçilərimizin ailələrinə və yaxınlarına ünvanladığı müraciət, onlara dərin hörmət və ehtiramını ifadə etməsi Azərbaycan cəmiyyəti üçün növbəti stumuldur.

Prezident İlham Əliyev Azərbaycana misilsiz fəxr və qürur, əvəzsiz sevinc hissi yaşadır. Azərbaycan bu qalibiyyətlərə, bu uğurlara layiqdir. Tam qələbə uzaqda deyil.

Sahil Kərimli,

Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini

Məqalədə:
Xəbər lenti

Xəbər lenti