...

Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib

Siyasət Materials 5 Oktyabr 2020 17:50 (UTC +04:00)
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Oktyabrın 5-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi.

Milli Məclisdən Trend-ə bildirilib ki, iclası komitə sədri Siyavuş Novruzov açıb. Sonra Dağlıq Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Ermənistanın Azərbaycana qarşı təxribatları pislənilib. Bildirilib ki, Azərbaycan ordusunun yüksək döyüş hazırlığı nəticəsində bu təxribatların qarşısı uğurla alınıb. Azərbaycan əsgərləri yüksək şücaət nümayiş etdirərək Dağlıq Qarabağda hərbi baxımdan əhəmiyyətli yüksəklikləri ələ keçirib, Tərtər, Füzuli rayonlarının bir sıra kəndlərini, Cəbrayıl şəhərini və rayonun bəzi kəndlərini düşməndən azad ediblər.

Bu münasibətlə Ali Baş Komandanı, xalqımızı, o cümlədən deputatlarımızı təbrik edib. Deputatlar bu günlərdə Azərbaycanın döyüş bölgəsindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərləri ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulmasını şiddətlə qınayıblar, rəşadətli Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini bildiriblər. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad ediləcəyinə əminliklərini vurğulayıblar.

Sonra Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Qeyd edilib ki, gündəlikdəki qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanun layihəsidir. Layihəyə əsasən Azərbaycan Respublikasının Tərtər rayonunun Çayçı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılır. Azərbaycan torpaqları işğaldan azad edilir, bu ərazilərdən biri də Madagiz kəndidir. Tarixi adı Suqovuşan olan bu kəndin adı da ermənilər tərəfindən dəyişdirilmişdi. Prezident İlham Əliyev tərəfindən Suqovuşanın tarixi adı bərpa edilir və bu, xalqımızın ürəyindən xəbər verən tarixi bir addımdır. Qeyd edildi ki, Milli Məclis Sədri Sahibə xanım Qafarovaya parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında imzaladığı Sərəncama görə minnətdarlığımızı bildiririk. Bu gün biz bu məsələni Milli Məclisin Qarabağ zalında müzakirə edirik.

Sonra komitə sədrinin müavini Elşən Musayev, deputatlar Səttar Möhbalıyev, Tahir Rzayev, Cavid Osmanov, Səbinə Xasayeva, Malik Həsənov öz çıxışlarında Dağlıq Qarabağda baş verən son hadisələrə münasibət bildiriblər. Qeyd edilib ki, Azərbaycan bu gün öz əzəli, beynəlxalq səviyyədə tanınmış torpaqları uğrunda mübarizə aparır. Millət vəkillər bu haqq işində şanlı ordumuza uğurlar dilədilər.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti