...

Əslində humanitar atəşkəs Ermənistana vaxt qazanmaq üçün lazımdır – Deputat

Siyasət Materials 26 Oktyabr 2020 11:38 (UTC +04:00)
Əslində humanitar atəşkəs Ermənistana vaxt qazanmaq üçün lazımdır – Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan yenə də öz mənfur ənənəsinə sadiq qalaraq ABŞ-da əldə olunmuş növbəti atəşkəs rejimini kobudcasına pozur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 26 oktyabr saat 08:00-dan humanitar atəşkəs elan olunsa da cəmi bir neçə dəqiqə sonra Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa başladı:

“Ermənistandan bu cür riyakarlıqdan başqa bir şey gözləmək də doğru olmazdı. Bundan əvvəlki humanitar atəşkəs rejimi də məhz Ermənistan tərəfindən pozulmuşdu. 10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərində gecə yarısı mülki əhalini atəşə tutmuşdu. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejimini də Ermənistan tərəfi cəmi bir neçə dəqiqədən sonra kobud şəkildə pozmuşdur.

Budəfəki humanitar atəşkəsdən sonra ermənilər daha da azğınlaşıblar, təkcə cəbhəboyu deyil, Azərbaycan və Ermənistan dövlət sərhədində də təxribatlara əl atırlar, səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulur.

Bu bir daha göstərir ki, əslində humanitar atəşkəs Ermənistana vaxt qazanmaq üçün lazımdır. Çünki Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini cəmləmək və yeni mövqelər əldə etmək üçün istifadə edir.

Məlumdur ki, ordumuz qısa müddət ərzində Ermənistanı böyük məğlubiyyətə uğradıb və bu məğlubiyyətdən ağır sarsıntı keçirən Ermənistanın cinayətkar rejimi atəşkəsi pozmaqla nəyəsə nail olmağa çalışır. Ancaq onların bu çirkin əməlləri heç bir nəticə verməyəcək. Bu atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan qətiyyətli cavab verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti