...

Azərbaycan indi tək Ermənistana qalib gəlmir, həm də ona dəstək verənlərin təzyiqlərini neytrallaşdırır - Təhlükəsizlik Şurasının katibi

Siyasət Materials 4 Noyabr 2020 11:41 (UTC +04:00)
Azərbaycan indi tək Ermənistana qalib gəlmir, həm də ona dəstək verənlərin təzyiqlərini neytrallaşdırır - Təhlükəsizlik Şurasının katibi

Bakı. Samir Əli - Trend:

Azərbaycan bu gün elə bir qüdrətə sahibdir ki, indi tək Ermənistana qalib gəlmir, həm də təcavüzkarın cinayət hərəkətlərinə göz yuman, ona dəstək verənlərin təsirlərini, təzyiqlərini neytrallaşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov deyib.

O bildirib ki, 90-cı illərdə Azərbaycanın minlərlə vətəndaşı daxili işlər orqanlarının əməkdaşları ilə birgə vətən üçün, xalq üçün, Qarabağ üçün döyüşür, şəhid olurdular: “Yalnız silahlı qüvvələrimizin deyil, o cümlədən xalqımızın da ovqatını, döyüş ruhunu yaxşı xatırlayır və indi müfəssəl müqayisə etmək üçün yetərincə fakta malikik.

Nə dəyişib? Xalq həmin xalqdır, vətəndaşlarımız və o cümlədən hərbi qüvvələrimiz o vaxt da döyüşkən ruhdaydı, vətən sevgisi hədsiz böyük idi, qələbə uğrunda sonadək getmək əzmi var idi. Çatışmayan yalnız lider qətiyyəti, rəhbər qeyrəti, sərkərdə qüdrəti, istedadı idi. Bunlar yox idi o dövrdə. Ancaq indi bunlar var və biz artıq real nəticəni görürük”.

R.Usubov deyib ki, o illərdə siyasi rəhbərlərin göstərişi ilə tanklarımız Qarabağ cəbhəsində deyil, Bakı küçələrində irəliləyirdi: “Batalyonlar Qarabağda yaşayış məntəqələrimizi müdafiə etmək, düşmənə qarşı hücuma keçmək əvəzinə burada siyasi partiyaların qərargahlarını qoruyurdular, mərkəzi icra orqanlarının binalarını ələ keçirməyə çalışırdılar. İşğalçı ölkə isə bu xaosdan bəhrələnərək təcavüz siyasətini həyata keçirir, azərbaycanlılarsız Ermənistan, azərbaycanlılarsız Qarabağ planlarını icra edir, etnik təmizləmə, soyqırımı törədirdilər.

Ulu Öndər Heydər Əliyev dövlətçiliymizi, xalqımızı məhvə sürükləyən bu gedişatın qarşısını aldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev isə 90-cı illərin məğlub ordusunu bu gün dünyanın ən güclü Silahlı Qüvvələrindən birinə çevirdi. Müqayisədə meydana çıxan ən böyük həqiqət məhz budur.

Bir sözlə, Azərbaycan Milli Qurtuluşdan ümummilli qələbəyədək çətin, həm də şərəfli yol keçir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti