...

Azərbaycan Prezidenti: Düşmənin qənimət götürülmüş hərbi texnikasını Bakıda nümayiş etdirəcəyik

Siyasət Materials 11 Noyabr 2020 16:33 (UTC +04:00)
Azərbaycan Prezidenti: Düşmənin qənimət götürülmüş hərbi texnikasını Bakıda nümayiş etdirəcəyik

Bakı. Trend:

Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək. Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik. Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu demək olar ki, yoxdur. Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni, qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik. Bu tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti