...

Prezident İlham Əliyev xalqın gücünə arxalanaraq ən çətin məsələləri həll etməyə qadir siyasi liderdir - Bəxtiyar Əliyev

Siyasət Materials 14 Noyabr 2020 17:34 (UTC +04:00)
Prezident İlham Əliyev xalqın gücünə arxalanaraq ən çətin məsələləri                                 həll etməyə qadir siyasi liderdir - Bəxtiyar Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi Qarabağ siyasəti Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Çünki ölkənin sürətli inkişafı, beynəlxalq münasibətlər sistemində öncül mövqedə qərarlaşması, güclü siyasi aktor kimi təşəbbüsləri, güclü və müasir ordu quruculuğu Ermənistanın 30 ildir danışıqlar prosesində nail olmaq istədiklərinin üstündən xətt çəkdi və tarixin qara ləkəsi kimi birdəfəlik sildi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi isə tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Prezident İlham Əliyev məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyini BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrinin tam icrasına məcbur etdi. Nikol Paşinyan etiraf etdi ki, onlar Azərbaycan Ordusuna tam məğlub oldular. Hesab edirik ki, işğalçı ölkənin sülhə məcbur edilməsi uğurla başa çatdırıldı. Prezident İlham Əliyevin ətrafında bir yumuruq kimi birləşən xalqımız onların başına elə zərbə vurdu ki, bu, onlara tarixi dərs oldu. Hər kəs anladı ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz və bütün məsələlər yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.

Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir. Eyni zamanda olduqca mühüm strateji bir məsələ də həll edildi və bununla da həm Naxçıvanın blokadası aradan qaldırıldı, həm də Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq edildi, bütün əsassız iddialara son qoyuldu.

Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.

Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi.
Tezliklə bütün məcburi köçkünlərimiz yenidən qurulan şəhərlərimizə, kəndlərimizə dönəcək və quruculuq işlərini davam etdirəcəklər.

Prezident İlham Əliyev bir daha sübut etdi ki, xalqın gücünə arxalanaraq ən çətin məsələləri həll etməyə qadir siyasi liderdir və hər bir vətəndaşın hüquqlarının təminatçısıdır. Biz bir millət kimi Prezidentimizin ətrafında birləşmişik və talnız ona güvənirik. Bu birliyi, bu iradəni qıra biləcək heç bir qüvvə yoxdur. Azərbaycan hüquqi, demokratik, sosial rifah dövləti kimi öz yoluna inamla davam edir.

Yaşa, yaşa, min yaşa Ali Baş Komandan, Prezident İlham Əliyev!
Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

Bəxtiyar Əliyev,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti