...

Son dövrlərdə Fransa ermənipərəst mövqeyini daha açıq şəkildə ortaya qoyur - Deputat

Siyasət Materials 18 Noyabr 2020 16:36 (UTC +04:00)
Son dövrlərdə Fransa ermənipərəst mövqeyini daha açıq şəkildə ortaya qoyur - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Tərəfsiz mövqe sərgiləməli olan ATƏT Minsk qrupunun həmsədrlərindən biri Fransa qurumun fəaliyyəti dövründə daim ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərinə zidd olaraq işğalçı və terrorçu Ermənistana hərtərəfli dəstək verib.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa ermənipərəst mövqeyini daha açıq şəkildə ortaya qoyub və birtərəfli qaydada erməni işğalına dəstək göstərib:

“Bununla kifayətlənməyən Fransa prezidenti Emmanuel Makron beynəlxalq qanunların ziddinə gedərək hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Lakin Fransa özünün də səsə verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini unudub, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini işğalçılardan azad etdiyini görməzdən gələrək açıq şəkildə qərəzli mövqe nümayiş etdirib və separatçılığa dəstək göstəib.

Lakin Fransa prezidentinin bu səyləri heç bir nəticə vermədi, bütün beynəlxalq təzyiqlərə sinə gələn Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğalçı Ermənistan ordusunu ağır məğlubiyyətə uğradaraq onu kapitulyasiyaya məcbur etdi. Ermənistanın bu biabırçı məğlubiyyətindən məyus olan Fransa rəhbərliyi indi də mövcud olmayan qondarma bir qurumu tanımağa cəhd edir.

Ermənipərəstliyindən geri qalmayan Fransa yeni mənasız üsullara əl atır. Əldə olunan son məlumatlara görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. O da məlumdur ki, Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir.

Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyası da Paris Şəhər Şurada geniş şəkildə təmsil olunur. Bundan əlavə, aparılan qısa araşdırma göstərir ki, Fransa meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan Fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi də qiymətləndirmək olar. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron qarşıdan gələn seçkilərdə ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib.

Lakin göründüyü kimi, Fransanın bu dəstəyinin heç bir nəticəsi olmadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu işğal altında olan torpaqları azad etdi və heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına əngəl törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Bundan sonra da Fransanın Ermənistana hər hansı bir dəstək verməsinin heç bir nəticəsi olmayacaq. Artıq Azərbaycan öz sözünü deyib və düşmən üzərində qələbə çalıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti