...

Adı və əməlləri dünya durduqca yaşayacaq Ulu öndər

Siyasət Materials 12 Dekabr 2020 10:44 (UTC +04:00)
Adı və əməlləri dünya durduqca yaşayacaq Ulu öndər

Bakı. Trend:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 17 il keçir.
Hər il Ulu Öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır.

Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyevin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində ulu öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxmış, idarəçilik qabiliyyətini reallaşdırmış, fenomen lider imicini qorumuşdur.

Ulu Öndərin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub.

Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Müstəqillik dövründə Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Bir sözlə, ölkəmizin bugünkü reallıqları Ümummilli Liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir.

Ümummilli Liderin builki anım günü onun ən böyük arzusunun həyata keçməsi ilə əlamətdardır. Prezident cənab İlham Əliyev “ata vəsiyyətini” yerinə yetirdi, işğal edilmiş torpaqlarımız düşmən tapdağından azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Ulu öndər müstəqil Azərbaycanın memarı, Prezident İlham Əliyev isə bütöv Azərbaycanın memarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən, xalq qarşısında misilsiz xidmətləri qədirbilən azərbaycanlılar tərəfindən həmişə xatırlanacaq, Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlər hər zaman gələcək nəsillər üçün örnək olacaqdır.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Tamam Cəfərova

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti