...

Ukraynada azərbaycanlı iş adamlarının iştirakı ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 18 Dekabr 2020 13:27 (UTC +04:00)
Ukraynada azərbaycanlı iş adamlarının iştirakı ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfirliyində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə işgüzar görüş keçirilib.

Trend xəbər verir ki, görüş Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Görüşün məqsədinin Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamlarının problemlərini dinləmək olduğunu deyən səfirliyin əməkdaşı Samir Allahverdiyev bildirib ki, müzakirələr zamanı səslənən təkliflər hər iki ölkənin dövlət qurumları vasitəsilə araşdırılacaq.

Sonra çıxış edən Ukraynanın İqtisadi, ticarət və kənd təsərrüfatının inkişafı nazirinin müavini Taras Kaçka deyib ki, Ukrayna azərbaycanlı iş adamlarına dəstək vermək üçün dialoqda maraqlıdır.

“Ukraynanın regionlarının iqtisadi inkişafı üçün böyük planlarımız var. Böyük biznes olan yerdə problemlər də olur. Biz Azərbaycanın Ukraynada investisiya yatırımında maraqlıyıq və bu sahədə azərbaycanlı iş adamlarına hərtərəfli dəstək verməyə hazırıq. Azərbaycanın biznes dairəsi ilə əməkdaşlıq olduqca vacibdir”, - deyə nazir müavini əlavə edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev isə tədbir iştirakçılarına videomüraciətində ilk öncə 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün Ukrayna dövlətinə təşəkkürünü bildirib. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu qeyd edən Y.Abdullayev bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir: “Təəssüf ki, pandemiya dövrü bu əlaqələrin inkişafına mənfi təsirini göstərib. Biz iqtisadi əlaqələrin inkişafı üçün Ukraynanın müvafiq qurumları ilə əməkdaşlığın güclənməsində maraqlıyıq. Bu işdə dəstəyi üçün Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovaya öz təşəkkürümü bildirirəm”.

Belə bir görüşün azərbaycanlı iş adamları ilə Ukraynanın müvafiq dövlət qurumları arasında birbaşa əlaqənin yaradılması üçün önəmli olduğunu deyən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova qeyd edib ki, hər iki ölkə arasında iqtisadi əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Səfir, həmçinin vurğulayıb ki, Ukrayna şirkətləri Azərbaycanın erməni işğalından azad edilən ərazilərinin yenidən qurulmasında fəal iştirak edə bilərlər. Azərbaycan dövləti artıq həmin ərazilərin yenidən qurulması və inkişaf etdirilməsi üçün dövlət proqramı hazırlayır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə xarici investorlar üçün münbit şərait yaradılıb. Ona görə də Ukrayna şirkətləri bu işə töhfələrini verə bilərlər.

Görüşdə iştirak edən Ukraynanın İxracın Təşviqi Ofisinin direktor əvəzi Tatyana Miskova, Poltava Ticarət-sənaye Palatasının vitse-prezidenti Vladimir Borisenko hər iki ölkədə sahibkarlığın inkişafı üçün müxtəlif təkliflərlə çıxış edib.

Sonra azərbaycanlı iş adamlarının çıxışları, qarşılaşdıqları problemləri, təklifləri dinlənilib. Müzakirələrin sonunda qeyd edilib ki, görüşdə səsləndirilən problemlər və təkliflər Ukrayna və Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırılacaq.

Xəbər lenti

Xəbər lenti