...

Azərbaycanda nəzərdə tutulan sosial layihələr heç bir məhdudiyyət olmadan həyata keçirildi - Deputat

Siyasət Materials 8 Yanvar 2021 17:59 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Biz bir il ərzində iki düşmənlə müharibə aparmışıq. Biri erməni idi, onları məhv elədik, əzəli torpaqlarımız işğaldan azad oldu. İkinci düşmən isə koronavirusdur və onu da məhv eləməyə çox yaxınıq.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, hər iki halda qalibiyyətimizin əsas səbəbi dövlətin gücü və bütün istiqamətlərdə yürüdülən düzgün siyasətdir: “Pandemiya ilə mübarizə istiqamətində hökümət ilk günlərdən etibarən məntiqli və öncədən hesablanmış addımlar atdı, ehtiyat tədbirləri gördü. Eyni zamanda, ənənəvi və xüsusi hal üçün nəzərdə tutulan modul tipli xəstəxanalar ərsəyə gətirildi, qoruyucu maska istehsal edən müəssisələr yaradıldı, dərmanla təminat məsələsində problem yaşanmadı, işsizlərə uzunmüddətli kompensasiyalar verildi.

Əlqərəz, dövlət nə mümkündürsə, etdi və öz vətəndaşını layiqincə qorudu. İndi isə artıq ölkədə virusa yoluxanların sayı yetərincə azalıb. Yaxın zamanlarda vaksinasiya da başlasa, problem ümumiyyətlə kökündən həllini tapacaq”.

Deputat qeyd edib ki, bu istiqamətdə bir neçə mühüm tədbirlər həyata keçirib: “Mən bu kontekstdə 3 məqamı xüsusilə qeyd etmək istəyirəm. Əvvəla, bizim cəsur həkimlərimiz məlum mərhələdə böyük xidmət göstərdilər. Eşq olsun, onların hər birinə. Belə bir durumda, pandemiyanın bütün dünyanı öz cənginə aldığı məqamda Azərbaycan həkimi və bütün tibbi personal həqiqətən də üzərinə düşən vəzifənin öhdəsindən məharətlə gəldi. Onlar istirahət günü, məzuniyyət, fasilə bilmədən işlədilər və onlara hər birimizin minnətdarlıq borcu var.

İkinci qeyd etmək istədiyim məqam isə odur ki, biz pandemiya ilə mübarizə dövründə həm də paralel olaraq erməni ilə vuruşduq. Müharibə isə çətin mərhələdir. Yəni, həm müharibə apar, həm koronavirusu nəzarətdə saxla - ikisi bir arada həqiqətən böyük güc, maliyyə, qətiyyət tələb edən məsələdir. Fəqət, Azərbaycan dövləti bunun da öhdəsindən gəldi, bunu da bacardı. Həm də ən yüksək səviyyədə bacardı. Belə ki, erməninin başı əzildi, Dağlıq Qarabağ işğaldan azad edildi. Koronavirus isə dediyim kimi, artıq tamamən məhv olur, bir azdan çox güman ki, rahat dövr başlayacaq, iqtisadiyyatımız daha da inkişaf edəcək, Azərbaycan yeni-yeni uğurlara imza atacaq. Yenə də güclü dövlətimizin və məqsədyönlü siyasət yürüdən rəhbərimizin sayəsində.

Nəhayət, üçüncü məqam: Azərbaycan dövləti ən çətin dövrdə belə yalnız və yalnız öz vətəndaşını düşündü, hətta bu mərhələdə də əməkhaqqılar və pensiyalar artırıldı, əlavə kompensasiyalar verildi, nəzərdə tutulan sosial layihələr heç bir məhdudiyyət və azalma olmadan həyata keçirildi. Bu isə bir daha dövlətimizin gücündən və əzəmətindən xəbər verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti