Bakı. Asif Mehman - Trend:
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirdə 2021-ci il üçün planlarını və tapşırıqlarını açıqladı.
İlk növbədə, 2020-ci ilin Azərbaycan üçün Zəfər ili olduğunu qeyd etmək lazımdır. 30 illik həsrətə nəhayət son qoyuldu. İlk məsələ torpaqlarımızı işğaldan azad etmək idi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu bu əks-hücum əməliyyatını uğurla yerinə yetirdi.
Trend-in məlumatına görə, Prezidentin tapşırıqlarından anlaşıldığı kimi 2021-ci ildə başlıca məsələlərdən birincisi azad olunmuş ərazilərimizin bərpasıdır.
Müharibə başa çatdı. İndi artıq quruculuq dövrü başlayır
Azad edilmiş ərazilərdə işlərin başlanılmasına başlıca əngəllərdən biri, sözsüz ki, ərazilərin Ermənstan tərəfindən minalanmasıdır. Bu işlərin sürətli aparılması üçün işlər görülür. Prezident İlham Əliyevin tapşırığına əsasən ANAMA yaxın günlərdə yenidən təşkil olunacaq.
Ərazilər tam şəkildə minalardan təmizləndikdən sonra isə azad olunmuş ərazilərdə bərpa işlərinə başlamaq mümkündür. Bərpa işlərinə qədər ilk məsələ isə ziyan hesablanmasıdır.
Bu proseslə paralel olaraq həmin ərazilərin peyk və dronlar vasitəsilə sənədləşdirilməsi, pasportlaşdırılması aparılacaq. Bu sənədləşdirilmə işlərindən sonra sonra həmin ərazilərdə dağıdılmış əmlak qiymətləndiriləcək.
Prezidentin tapşırıqlarına əsasən dəymiş ziyanla bərabarə itirilmiş gəlir də hesablanacaq ki, 30 il ərzində Azərbaycan bu müəssisələrdən hansı gəliri götürə bilərdi.
Biz özümüz hədəf qoymalıyıq, hansı şəhəri hansı formada görmək istəyirik
Hər bir şəhərdə Ermənistan tərəfindən dağıdılmış bir hissə (Ermənistan işğalının açıq səma altında muzeyi kimi) saxlanılacaq. Azad edilmiş şəhərlərimizdə həmçinin Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsi əks olunan İşğal muzeyləri də yaradılacaq.
Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcək
Prezidentin tapşırığına əsasən Bakıda, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək.
Qeyd edək ki, artıq bu tapşırığa əsasən 4700 mənzil şəhid ailələri üçün ayrılıb. Beləki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan bu mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçib. Həmin yaşayış qəsəbələr və kompleksləri Bakı, Sumqayıt, Abşeron, Samux və Lənkəran ərazisində inşa edilib və istifadəyə tam hazırdır.
Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı
Qarabağ torpağının kənd təsərrüfatı üçün nə qədər yararlı olduğu məlumdur. Bu münbit torpaqların hesabına Azərbaycanın ixrac potensialı bir xeyli artacaq. Dölvət başçısı bu istiqamətdə yeni bazarların tapılması üçün də müvafiq tapşırqlarını verib.
Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq
Xudafərin və Qız qalası hidroqovşaqlarında su elektrik stansiyaları qurulacaq . Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyaları yaradılacaq. Qarabağda 200 meqavat gücündə günəş elektrik stansiyasının da tikilməsi nəzərdə tutulur. Azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılacaq.
Qarabağa yollar çəkilir
Prezident İlham Əliyevin tapşırığı ilə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur, bundan əlavə olaraq Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkiləcək. Həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılacaq.
Laçın və ya Kəlbəcərdə yeni hava limanı tikiləcək, həmçinin tezliklə Füzulidə də beynəlxalq hava limanının tikintisinə başlanılacaq. İki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün böyük kömək olacaq.
Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolu çəkiləcək. Horadiz-Ağbənd dəmir yolu yenidən tikiləcək. Qeyd edək ki, bu dəmir yolu Naxçıvan dəhlizinin açılması üçün xüsusi əhəmiyyət daşıyır.
Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək
Turizm marşrutları işlənib hazırlanacaq. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevilmi məkanlardan biri olacaq.