...

Satqınlıqla verilən Şuşa mərdliklə azad edildi - Tarixi faktların müqayisəsi

Siyasət Materials 28 Yanvar 2021 21:00 (UTC +04:00)
Satqınlıqla verilən Şuşa mərdliklə azad edildi - Tarixi faktların müqayisəsi
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Xan Şuşinskinin səsini qoynunda bəsləyən, başı qarlı, vüqarlı dağların əzəmətini qoruyub-saxlayan, Şərqin mədəniyyət mərkəzlərindən sayılan, milli memarlıq üslubu, mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi olan Şuşa! Uzun illər mənfur düşmən tapdadağında qalmağın belə sənin qəddini bükə bilmədi. Çünki əzəmətinlə, vüqarınla, ruhunla həmişə doğmalarına, öz həqiqi sakinlərinə bağlı oldun!

Məhz buna görə Şuşanın işğalı, yağı tapdağı altında qalması Azərbaycan xalqının ürəyində sitəm olmuşdu. Lakin ümid heç vaxt itməmişdi – Şuşa bir gün mütləq azad olunacaq! Və həmin gün gəldi, özü də Şuşa kimi vüqarla, mərdi-mərdanə...

Odur ki, Şuşanın işğalı ilə azadlığını müqayisəli şəkildə bir daha təqdim etmək yerinə düşər.

Xəyanətin qurbanı Şuşa!

"Şuşa xəyanətin qurbanı oldu"! Dəfələrlə eşitdiyimiz bu sözlər təsadüfən ortaya çıxmayıb. Yerli sakinlərin dediklərindən də aydın olur ki, işğaldan əvvəl – 1992-cil ilin may ayının əvvəlində şəhər əhalisinin əhval-rühiyyəsi yüksək olub. Onlar Şuşanı tərk etmək barədə fikirləşməyiblər belə.

Ermənilər şəhərə hücum edəndə əsas problem silah çatışmazlığı oldu. Qeyri-bərabər döyüşdə şəhəri yalnız könüllü batalyonlar mətanətlə qorudular. Lakin o zaman riyaziyyat müəllimi, hərbi sahədə heç bir bilik və təcrübəyə malik olmayan, bacarıqsız müdafiə naziri Rəhim Qazıyevin yarıtmazlığı üzündən pərakəndə aparılan döyüşlər, daxili hərc-mərclik Şuşanın müdafiəsini olduqca çətinləşdirdi. Ermənilərin özləri də etiraf edirlər ki, Şuşanın işğalında 100-ə qədər zirehli maşın və tank, 11 min canlı qüvvə ilə birlikdə xarici dövlətlərdən gətirilmş müzdlulardan, havadarların yardımından istifadə olunub.

Şahidlərin sözlərinə görə, hələ mayın 3-4-də ağır texnika və artilleriya, canlı qüvvə bilərəkdən Şuşadan çıxarıldı. İşğal olunan Kərkicahan istiqamətindən Şuşa ətrafındakı Hacı talası və Daşaşıran adlanan ərazilərdən ermənilərin güclü həmləsi başlandı. Şuşa dörd tərəfdən "qrad", "kristal" tipli raketlər, top, tank, zirehli texnikalarla güclü atəşə tutuldu. Azsaylı könüllülərdən ibarət dəstələrin qoruduğu şəhər faktiki olaraq müdafiəsiz qaldı. Arxa cəbhə ilə əlaqə kəsilmişdi. Şəhərdə kommunal sistem - işıq, qazla təchizat iflic vəziyyətində idi.

Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid oldu, 165 nəfər yaralandı. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi. Şəhərin 58 sakini itkin düşdü. Artıq şəhər sakinləri hökumətə inanmırdı. Buna səbəb həm Şuşada, həm də az əvvəl Xocalıda baş verən soyqırımı idi. Bununla belə, Şuşanı tərk etmək istəməyən sakinlər məcburən şəhərdən çıxarıldı. Beləcə, əsrlərdən bəri alınmaz qala kimi düşmən hücumlarına mətanətlə sinə gərən Şuşa ermənilərin əsiri oldu. Məhz belə bir vaxtda Rəhim Qazıyevin başçılıq etdiyi Müdafiə Nazirliyindən isə bildirirdilər ki, Şuşaya hücum xəbəri yalandır.

Beləcə, bu qədim şəhər məhz xəyanətin qurbanı oldu.

Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü Şuşanı faktiki olaraq düşmənə təhvil verdi

Azərbaycan Prezidenti İlham Əliyev də dünən Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bir daha bu məsələni xüsusi vurğuladı. Qeyd etdi ki, Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür: "Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatıb. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır".

Ordumuz Şuşanı dişi və dırnağı ilə azad etdi

Dövlət başçısının bu fikirlərindən sonra Şuşanın necə işğal edilməsi artıq heç kimə qaranlıq qalmadı. Ən nəhayət, 2020-ci ilin noyabrında Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi altında Ordumuzun Şuşanı dişi və dırnağı ilə yağı düşməndən azad etməsi Azərbaycan xalqının uzun illərdir qaysaq bağlasa da qanayan yarasını sağaltdı. Çünki Azərbaycan əsgəri tarixdə görünməyən igidliklə - qayalara dırmaşaraq, artilleriyasız, əlbəyağa döyüşlə, bıçaq və tapança ilə alınmaz qalanı aldı. Yağı düşmən doğma Şuşadan "iti qovan kimi" qovuldu. Nəinki Şuşa, işğalda olan digər rayonlarımız da öz azadlığına qovuşdu. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Əlbəttə, bütün bunlar 1990-cı illərin əvvəllərindən fərqli olaraq, iradəli və güclü rəhbər, eləcə də nizamlı, peşəkar Azərbaycan Ordusu tərəfindən raallaşdırıldı.

Beləliklə, satqınlıq və xəyanətlə işğal edilən Şuşa igidlik və mərdliklə azad edildi!

Elgün MƏNSİMOV
Trend

Twitter: @Elgun_Mensimov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti