Bakı. Elçin Mehdiyev - Trend:
İşğaldan azad edilmiş ərazilərimizdə mülki idarəetmə formasının tətbiq edilməsinə başlanılması həmin ərazilərin bərpası istiqamətində vacib addımdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, yanvarın 19-da işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu yaradıldı:
“Yanvarın 27-də isə cənab Prezident ilk xüsusi nümayəndəni Şuşa şəhərinə təyin etdi. Təbii ki, ilk nümyəndənin də məhz Şuşaya təyin edilməsinin əhəmiyyəti böyükdür. Çünki Şuşa Qarabağın tacıdır, Azərbaycan üçün həm hərbi-strateji, həm də mədəni və mənəvi baxımdan olduqca önəmlidir. Məhz 8 noyabrda Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiyaya imza atdı”.
Deputat bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədən qalib çıxdı: “İndi isə qarşıda duran ən vacib məsələ həmin ərazilərin bərpa edilməsidir. Bildiyiniz kimi, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2.2 milyard manat vəsait ayrılıb. Əlbəttə ki, ərazilərin bərpa edilməsi üçün ilk növbədə mülki idarəetmə formasını yaratmaq zəruri idi.
Hüquq-mühafizə orqanlarının strukturları artıq işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlamışdı. Yanvarın 27-də isə cənab Prezident Şuşaya xüsusi nümayəndə təyin etməklə mülki idarəetmə formasının tətbiqinə başladı. Əlbəttə ki, mülki idarəetmənin başlanması işğaldan azad edilmiş ərazilərimizin bərpa işlərini yüksək səviyyədə həyata keçirməyə imkan verəcək”.