...

Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir

Siyasət Materials 4 Mart 2021 10:55 (UTC +04:00)
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir

Bakı. Trend:

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bütün ərazisində, eləcə də bölgədə yeni iqtisadi münasibətlər və beynəlxalq itqisadi çağrışlar mühiti formalaşdıra bilib. Bu gün müharibə təhlükəsinin aradan qalxması, region ölkələrinin iqtisadi əlaqələrini genişləndirəcək yeni dəhliz layihələrinin ortaya qoyulması, işğaldan azad edilən şəhər, kənd və qəsəbələrin bərpa prosesinə başlanılması və digər bu kimi amillər ölkəmizin beynəlxalq investorlar üçün cəlediciliyini daha da artırıb. İndi demək olar ki, dünyanın ən böyük şirkətləri Azərbaycanda yatırımlar etməyə, müəyyən iqtisadi layihələrdə iştirakçı olmağa tələsir. Qarabağda həyata keçiriləcək bərpa işlərində iştirak etmək üçün müraciət edən şirkətlər seçilərkən bir çox nüanslara diqqət yetirilməlidir. Ən başlıca məqamlardan biri isə, əlbəttə ki, onların təmsil etdiyi ölkələrin II Qarabağ müharibəsi zamanı tutduğu mövqedir. Azərbaycan elə bir ölkələrdəndir ki, dostlarına hər zaman qapı açmış, onların fayda görməsi üçün əlindən gələni etmişdir. Lakin ikinci Qarabağ müharibəsində ölkəmizə qarşı siyasət yürüdən, birbaşa və ya dolayısı yolla düşmənə yardım və siyasi dəstək verən ölkələrin şirkətləri bu layihələrdən kənarda tutulması məcib məqamlardandır. Dost və qardaş ölkələrin bütün şirkətləri üçün isə Azərbaycan geniş imkanlar tanıyır. Bu məsələyə Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında münasibətini açıqlayıb. Dövlətimizin başçısı “Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var” deyərək bildirib ki, dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunacaq. Onun sözlərinə görə, bu işlərə şəhərlərin planlaşdırılması, infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi və digər inşaat işləri daxildir. Ölkə başçı vurğulayıb ki, bu sahələrlə bağlı artıq sifarişlər edilib. 10 min kvadratkilometrdən çox ərazinin azad edildiyini önə çəkən Prezident İlham Əliyev işin həcminin çox böyük olduğunu diqqətə çatdırıb.

Göründüyü kimi rəsmi Bakı öz qapılarını dostların üzünə açmaqla onların bu dostluqdan faydalanmasını təmin edir. Bununla yanaşı, Azərbaycan bütün dövrlərdə özünü etibarlı tərəfdaş kimi təqdim etmişdir. Ölkəmizin həm etibarlılığı, həm də yeni cəledici iqtisadi təkliflər verməsi onu regionda maraq dairəsinin mərkəzinə çevirir. Bölgənin iqtisadi cəlbediciliyi istər-istəməz tərəfdaşların çoxalmasına və yeni layihələrlə çıxış edəcək ölkə və şirkətlərin artmasına gətirib çıxarır. Heç şübhəsiz ki, bu zaman Azərbaycanın “sözünün kəsərliyi” daha da artaraq regionda onsuz hər hansı bir böyük layihənin həyata keçirilməz olduğunun zəruriliyini artırır.

Region ölkələrini birləşdirəcək dəhlizlərin açılması və bu istiqamətdə inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və tranzit əhəmiyyətini artıracaq. Prezident İlham Əliyev mətbuat konfransında bu məsləyə də aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. “Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları Qarabağa gəlmək imkanına malik olacaqlar” –deyən Prezident İlham Əliyev Qarabağda həyata keçiriləcək böyük iqtisadi layihələrdən də söz açıb. Dövlətimizin başçısı qeyd edib ki, böyük şəhərlərin baş planları tərtib edilməlidir. Buna Ağdam şəhərini misal göstərən cənab Prezident deyib ki, müharibədən əvvəl bu şəhərdə təqribən 40 minə yaxın insan yaşayıb: “İndi əhalinin sayı artıb, olub 50 mindən çox. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır, infrastruktur yaradılmalıdır. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Bu, böyük bir zaman tələb edir. Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün güclər də səfərbər edilib”.

Ölkə başçısı bu açıqlaması ilə həm Ermənistana, həm də bütün dünyaya Azərbaycanın kifayət qədər vəsaitinin olduğu, öz torpaqlarının özü tərəfindən bərpa etmək əzmində olduğu mesajını verdi. Heç kim şübhə etmir ki, Prezidentin bu fikirləri xarici investorların ölkəmizə axın etməsinə səbəb olacaq. Bir yerdə ki, vəsait, iş və işləmək üçün təhlükəsiz şərait yaradılırsa, bu zaman nə üçün cəlbedici təkliflərdən yararlanmayasan? O baxımdan çəkinmədən söyləmək olar ki, ərazilərin bərpa olunması yeni iqtisadi imkanlar yaradacaq. Cənab Prezidentin təbirincə desək, görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək. “İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq” – deyən Prezident İlham Əliyev bu fikirləri ilə növbəti mesajını vermiş oldu. Yəni rəsmi Bakının heç kimin torpağında gözü yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ona görə də Azərbaycan digər ölkələrin ərazisinə hecum etməyəcək və təxribatlara getməyəcək. Bu fikirlərdən belə anlaşılır ki, Azərbaycan bütün investorlar üçün tam təhlükəsiz mühitin formalaşdırılması əzmindədir və bu istiqamətdə lazimi tədbirləri görür.

Heç kimə sirr deyil ki, irimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. Əgər böyük maliyyələr varsa, deməli şirkətlərin işi və gəlirləri də böyük olacaq. Jurnalistlərin suallarını cavablandırarkən Prezident İlham Əliyev iri layihələrin bir qismini sadalayaraq onlar üçün tələb olunan vasaitin ilkin miqdarını açıqlayıb. “İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları” – deyə Prezident İlham Əliyev qeyd edib.

Mətbuat konfransından bəlli oldu ki, bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesinin artıq başlanıldığını vurğulayan dövlətimizin başçısı vətəndaşların öz el-obalarına qayıtması üçün vacib olan əsas mərhələlərdən və görülən işlərdən söz açıb. Pilot layihələrin icrasına başlanıldığını, “ağıllı kənd” layihəsinin artıq icra olunduğunu vurğulayan ölkə başçısı qeyd edib ki, 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır.

Azərbaycan Qarabağda kənd təsərrüfatı sahəsini inkişaf etdirəcək. Çünki işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar mövcuddur. Prezident İlham Əliyevin jurnalistlərə verdiyi açıqlamasından o da bəlli oldu ki, artıq sözügedən istiqamətdə müvafiq işlərin həyata keçirilməsinə başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Gələcəkdə bu rəqəm bir neçə dəfə artırılacaq. Eyni zamanda Qarabağ iqlimi nəzərə alınmaqla yerli şəraitə spesifik olan digər kənd təsərrüfatı məhsulların yetişdirilməsi həyata keçiriləcək.

Mətbuat konfransında dövlət başçısı Qarabağda aparılacaq bərpa işləri ilə bağlı bəzi detalları da açıqlayıb. Məlum olub ki, hökumət Qarabağ regionunu müasir və ən inkişaf etmiş ərazisinə çevirmək niyyətindədir. Belə ki, işğaldan azad olunmuş ərazilərdə ən müasir infrastruktur inşa olunacaq. Reallaşacaq layihələrdə müasir texnologiyaların potensialına geniş müraciət olunacaq. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində “Ağıllı kənd” layihəsi həyata keçiriləcək. Prezident İlham Əliyev bildirib ki, cari ilin sonuna qədər layihə tam başa çatacaq və orada təqribən 1000-ə yaxın insan yerləşəcək. “Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər” - deyə dövlət başçısı qeyd edib.

İşğaldan azad olunmuş ərazilərin bərpasının prioritetlər sırasında olduğunu açıqlayan Prezident İlham Əliyev deyib ki, dövlətin 2,2 milyard manat investisiyası bir başlanğıcdır. Onun sözlərinə görə, Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. “Layihələr infrastruktur layihələridir, onlara vəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir” – deyə Prezident İlham Əliyev nitqinə əlavə edib.

Seymur Qasımbəyli

Xəbər lenti

Xəbər lenti