...

Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə

Siyasət Materials 14 Aprel 2021 18:09 (UTC +04:00)
Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan dünyaya bu reallığı da çatdırdı ki, kimin necə dərk etməsindən asılı olmayaraq beynəlxalq hüquq normaları mövcuddur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Azərbaycan Vətən müharibəsinin davam etdiyi 44 gündə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlük qazanaraq ermənilərin və onlara havadarlıq edən bəzi dövlətlərin və beynəlxalq təşkilatların illərdir yalan üzərində qurulan təbliğatlarını alt-üst etdi. Dövlətimizin başçısı İlham Əliyev istər Vətən müharibəsinin gedişi dövründə dünyanın nüfuzlu mətbu orqanlarına soxsaylı müsahibələrində, istər bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında, istərsə də aprelin 13-də ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda sualları cavablandırarkən ilk öncə hərbi əməliyyatların başlama səbəbləri barədə məlumat verdi, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında göstərdi, Azərbaycan Ordusunun uğurları barədə danışaraq ölkəmizin ərazi bütövlüyünün bərpasının prioritetliyini açıqladı, Azərbaycanın apardığı mübarizənin haqq mübarizəsi olduğunu diqqətə çatdırdı. Ümumiyyətlə, möhtərəm Prezidentimiz bütün nitqlərində ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir, fikirlərinin reallıqlara əsaslandığına əmin olan, qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir. Məhz bu reallıqlar fonunda ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda dövlətimizin başçısına ünvanlanan suallarda bu ümumiləşdirmə öz əksini tapmışdır ki, Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanıb. Azərbaycan müharibənin hərbi fazasını Şuşadakı Qələbəsindən sonra dayandırmaqla strateji baxış nümayiş etdirib. Müharibə zamanı vurğulanan hədəflər illər boyu aparılmış danışıqların əsas mahiyyətini özündə ehtiva etmişdir. Reallıq budur ki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə həm regionda qanlı müharibəyə bais oldu, həm də Azərbaycanla savaşda biabırçı məğlubiyyətə uğradı.

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu gün artıq Azərbaycan münaqişə səhifəsini bağlanmış hesab edir, regionda daimi sülhün və təhlükəsizliyin təmin olunması üçün yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir: "Prezident İlham Əliyev aydın şəkildə bəyan edir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və problemə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan münaqişənin davam etdiyi 30 ilə yaxın müddətdə heç bir halda ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın müstəqilliyinə razı olmayıb və olmayacaqdı. Bununla yanaşı, dövlətimizin başçısı gələcəkdə Dağlıq Qarabağın ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində birgə yaşamasının təmin edilməsi üçün körpülərin qurulması istiqamətində zəruri addımların atılmasının vacibliyini bildirir. Cənab İlham Əliyev qeyd olunan konfransda Azərbaycanın müharibə zamanı davranışının Ermənistan tərəfindən düzgün qiymətləndirilməsi ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki, xeyr və bu, çox təəssüf doğuran haldır. «Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik» söyləyən ölkə Prezidenti onu da əlavə etmişdir ki, lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıların düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var. Onlar dəmir pərdə arxasında yaşayır və bu zəhərli ideyaların təsiri altındadırlar. Azərbaycan bu işdə onlara kömək etməyə hazırdır.

Obyektivlik, qərəzsizlik prinsiplərinə söykənərək əksər media orqanlarının təmsilçilərinin suallarında da bu həqiqət öz əksini tapmışdır ki, Ermənistan özü kiçikdir, əhalisi azdır və hətta öz ərazisini məskunlaşdırmaqda belə çətinliklə üzləşir. Bu fonda böyük ərazilərlə bağlı iddialar, əlbəttə ki, ciddi suallar doğurur".

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev beynəlxalq auditoriyada, xarici mediada Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında yanlış fikirlərin və fərqli yanaşmaların olduğunu nəzərə alaraq, faktlar əsasında tarixi gerçəklik barədə qısa, lakin müfəssəl məlumat verərək hazırkı postmüharibə dövründə əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırmışdır.

V.Rəhimzadə bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının parlaq nümunəsini ortaya qoyur: "Dövlətimizin başçısının bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliğinin hər bir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə nümayiş etdirir. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyevin müsahibələrinin, çıxışlarının fonunda beynəlxalq auditoriya Azərbaycan rəhbərinin simasında təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli, dünya səviyyəli Lider görür. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə dünyanın 30-a yaxın aparıcı media qurumlarına müsahibələri və müxtəlif beynəlxalq tədbirlərdə videoformatda çıxışları, bəyanatları, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, o, təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir".

"Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət amilləri üzərində qurulub" söyləyən baş redaktor vurğulayıb ki, cənab İlham Əliyev hər zaman hücum diplomatiyasının davam etdirilməsini qarşıya əsas hədəf kimi qoyur. Dünyada ermənilərin, ermənipərəst qüvvələrin, ölkəmizin uğurlarını həzm etməyən anti-Azərbaycan dairələrin dezinformasiyalarına, əsassız iddialarına qarşı həqiqətlərimizi qoymalı, faktlara əsaslanan təbliğatımızla bu cəhdlərin qarşısını almalıyıq. Azərbaycan bunun üçün bütün imkanlardan maksimum istifadə edir. Dost və qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək səviyyəli rəsmilərinin 3-cü toplantısı çərçivəsində müzakirələrdə hazırkı dövrün reallıqlarının düzgün dəyərləndirilməsi üçün birgə addımların atılmasına böyük ehtiyacın olduğunun bildirilməsi də bunun təsdiqidir. Birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də postmünaqişə mərhələsində cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır. Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti