...

Ərdoğanın Qələbədən sonra ölkəmizə səfəri mühüm əhəmiyyət daşıyır - Tamam Cəfərova

Siyasət Materials 16 İyun 2021 15:05 (UTC +04:00)
Ərdoğanın Qələbədən sonra ölkəmizə səfəri mühüm əhəmiyyət daşıyır - Tamam Cəfərova

Bakı. Trend:

Rəcəb Tayyib Ərdoğanın Qələbədən sonra ölkəmizə budəfəki səfəri qardaşlıq, birlik mesajı olmaqla bərabər, həm də geosiyasi, tarixi baxımdan mühüm əhəmiyyət daşıyır.

Bu səfərin NATO-nun zirvə görüşü, Ermənistanda səslənən revaşist çağrışların, Qarabağda son günlərdə ermənilər tərəfindən törədilən təxribatların fonunda baş tutması xarici güclərə və Ermənistana bir xəbərdarlıqdır. Bu səfər Azərbaycan-Türkiyə münasibətlərinin Cənubi Qafqazın geosiyasi dinamikasına böyük təsirinin təzahürüdür. Artıq heç kim şübhə etmir ki, bölgədə real balans bu dövlətlərin əməkdaşlığından birbaşa asılıdır.

Həmçinin bu səfər müharibə dövründə və sonra da iki ölkənin daim bir-birinə dəstək olduğu kimi, Qarabağda quruculuq dövründə də birlikdə olacağını dünyaya nümayiş etdirir. İyun ayının 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanması bunu bariz nümunəsidir. Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır və bu Bəyannamə keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.

Bu Bəyannamənin 15 iyunda-Qurtuluş Günündə imzalanması da böyük məna daşıyır. 15 iyun Azərbaycanın müstəqillik tarixdə dönüş nöqtəsi olduğu və yeni bir dövr başladığı kimi, 15 iyundan ratıq Tükirə-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni bir dövr başlayır. Artıq 15 iyunda 2 bayramı qeyd edəcəyik.

Millət vəkili Tamam Cəfərova Trend-ə açıqlamasında belə deyib.

Deputat bildirib ki, imzalanmış bu Bəyannamə böyük bir tarixə əsaslanır. Beləki, Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür.

Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi olmaqla iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən bütün sahələrini əhatə edir. Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilməklə yanaşı, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Əlbəttə, bu mühüm tarixi nailiyyətdir.

Tamam Cəfərova qeyd etdi ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb və bu, tarixi nailiyyətdir. Hərbi tərəfdaşlıq haqqında olan hissə imkan verir ki, əgər bir dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü təhdid edilərsə, bu, digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Deputat onu da vurğulayıb ki, Şuşa Bəyannaməsinin təhlükəsizliklə bağlı olan hissəsi BMT Nizamnaməsinə istinad edilərək hazırlanıb və bu müqavilənin hüquqi əsasları beynəlxalq hüquqa əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti