...

Ermənistan regionda sülh və sabitliyə təhdid yaratmaqda davam edir

Siyasət Materials 10 İyul 2021 14:36 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan Azərbaycanla dövlət sərhədində ardıcıl təxribatlar törətməklə ictimaiyyətin diqqətini ölkə daxilindəki siyasi, sosial-iqtisadi böhrandan yayındırmağa çalışır. Bununla Ermənistan həm də regionda sülh və sabitliyə təhdid yaratmaqda davam edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması Ermənistanın düşmənçilik siyasətinin daha bir nümunəsidir:

“Bu əməllər bir daha göstərir ki, Ermənistan region üçün təhdidlər yaratmaqda davam edir. Ermənistan 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan regionda dalan ölkəyə çevrilib və regionda reallaşan beynəlxalq layihələrdən kənarda qalıb. Bu illər ərzində Ermənistanda heç bir inkişaf prosesi baş verməyib, əksinə ölkə iqtisadi tənəzzülə uğrayıb, ölkədə siyasi və sosial-iqtisadi böhran dərinləşib, Ermənistan xarici ianələrdən asılı vəziyyətə düşüb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Zəfəri, tarixi torpaqlarını düşməndən azad etməsi Ermənistanı daha da çıxılmaz vəziyyətə salıb, ölkədə siyasi, sosial-iqtisadi börhan ən yüksək səviyyəyə çatıb. Lakin bununla belə Ermənistan öz mənfur düşmənçilik siyasətindən əl çəkmir, daxili börhandan diqqəti yayındırmaq üçün Azərbaycanla dövlət sərhədində təxribatlara əl atır”.

Deputat bilirib ki, Azərbaycan 44 günlük müharibədən sonra regionda yeni reallıqların, yeni əməkdaşlıq mühitinin yarandığını və Ermənistanın da bu imkanlardan faydalana biləcəyini dəfələrlə bəyan edib: “Lakin Ermənistan tərəfi yaranmış yeni imkanlardan faydalanıb böhrandan çıxmaq əvəzinə Azərbaycana qarşı yeni təxribatlara əl atır. Görünür, seçkilərdən sonra da Ermənistan revanşist qüvvələrin təsirindən hələ də çıxa bilməyib. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu cür əməllərlə onlar özlərini daha da çətin vəziyyətə salırlar. Bu gün Ermənistanın böhrandan çıxmasının yeganə yolu təxribatlardan və revanşist iddialardan əl çəkib Azərbaycanla normal münasibətlər qurmaqdan keçir. Əks halda, Ermənistan bilməlidir ki, dəmir yumruq hər zaman yerindədir və daha da qüdrətlənib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti