...

Eldəniz Səlimovla əlaqədar Baş Prokurorluqda istintaq aparılır - DİN

Siyasət Materials 2 Avqust 2021 17:13 (UTC +04:00)

Bakı. Trend:

Deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi hadisəsi ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluqda istintaq aparılır və sözsüz ki, nəticələri üzrə qanunauyğun qərar qəbul olunacaq.

Trend xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev polis əməkdaşını döyən deputat Eldəniz Səlimovla bağlı mətbuatın ünvanladığı sorğuya cavab verərkən belə deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələbləri, dövlət başçısının aidiyyəti fərmanları, Nazirlər Kabinetinin qərarları rəhbər tutularaq ötən ilin mart ayından etibarən xüsusi karantin rejiminə nəzarət həyata keçirilir və cəmiyyətdəki mövqeyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəsin müəyyən olunmuş məhdudiyyətlərə əməl etməsi tələb olunur. Bu məsələyə fərqli yanaşma yaxud hər hansı istisna yoxdur:

"Eyni zamanda, xüsusi karantin rejiminə nəzarət və digər sahələrdə xidməti vəzifələri lazımi səviyyədə yerinə yetirməyən əməkdaşlar barəsində Nazirlik tərəfindən araşdırma aparılaraq zəruri tədbirlər görülür və mülki vətəndaşlar kimi polis əməkdaşları da qanun qarşısında məsuliyyət daşıyırlar. Ümumən qanunu pozan polis əməkdaşı olsa belə, törətdiyi əməlin tərkib əlamətləri cinayətdirsə, o, məsuliyyətdən kənarda qalmır. Xidmətdə və fəaliyyətdə əsas prinsip qanunçuluq, vətəndaş məmnunluğunun təminatıdır.

İctimai mövqeyindən asılı olmayaraq, hər kəs həyat və sağlamlıqla əlaqəli bu həssas və riskli dövrdə daha məsuliyyətli olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti