...

Azərbaycan Prezidenti: AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar və bu, əsl həqiqətdir

Siyasət Materials 17 Avqust 2021 11:24 (UTC +04:00)
Azərbaycan Prezidenti: AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar və bu, əsl həqiqətdir

Bakı. Trend:

AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıqdan sonra çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Kəlbəcərin azad edilməsi tarixi hadisədir. Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Hər kəs bilir ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdir. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi. Məhz bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaşandı və AXC-Müsavat cütlüyü bundan istifadə edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib hakimiyyətə gəldi. Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi. Təxminən bir ilə yaxın hakimiyyətdə idi. Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-Müsavat cütlüyüdür, AXC-Müsavat hakimiyyətidir. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. Çünki 1992-ci ilin bahar-yay aylarından onlar demək olar ki, hakimiyyətdə idilər və bir il ərzində ancaq talançılıqla, rüşvətxorluqla, soyğunçuluqla, qanunsuzluqla və digər çirkin əməllərlə məşğul idilər. İndi bir çoxları bunu unudur. Gənc nəsil isə bundan xəbərsizdir. O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafeyini, öz maraqlarını düşünürdülər. Hakimiyyətə gəlmiş antimilli ünsürlər Azərbaycanı demək olar ki, bütün beynəlxalq tərəfdaşlardan, xarici tərəfdaşlardan təcrid etdilər və həm xarici, həm daxili siyasətdə kobud səhvlər buraxdılar və cinayətlər törətdilər. Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir. Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantı yarandı və artıq digər torpaqların işğalı da labüd idi. Çünki AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi. Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar. Onlar Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu videokadrlar var. Burada ermənilər soyqırımı törədirdilər, şəhərlərimizi viran qoyurdular. Baxın, Kəlbəcər nə gündədir, digər şəhərlər nə gündədir. Onlar isə Azərbaycan əsgərlərini əsir götürüb, öz hakimiyyətini möhkəmləndirmək istəyirdilər. Görəndə ki, artıq bu da mümkün deyil, qaçdılar gizləndilər, dövlət səviyyəsində fərarilik etdilər. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti