Bakı. Elçin Mehdiyev – Trend:
Son aylar İrandan davamlı olaraq Qarabağa yüklərin daşınması haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradır. İran tərəfi Azərbaycanın bu həssaslığını mütləq nəzərə almalıdır. İran Qarabağa qeyri-qanuni yük daşımalarına son qoymalıdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat vurğulayıb ki, məlum olduğu kimi, bu ilin avqustunda Azərbaycan rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşınının daxil olması barədə məlumatlar əldə etmişdi:
"Təkcə 11 iyul - 8 avqust tarixlərində 35 İran avtomobili 70 dəfə Laçın dəhlizi vasitəsilə giriş-çıxış həyata keçirmişdir. Bununla əlaqədar, avqustun 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılaraq Azərbaycan tərəfinin narahatlığının ifadə olunduğu nota ona təqdim edilmişdi.
Əfsuslar olsun ki, həmin müddətdən bir ay vaxt keçməsinə baxmayaraq, hələ də İran tərəfi Bakının etirazlarına cavab verməyib və hazırda Qarabağa qanunsuz yük daşımağa davam edir. Belə ki, əldə olunan məlumatlara əsasən, avqustun 11-dən sentyabrın 10-dək İrandan Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. Bunlardan 55-i oranı daha sonra tərk edib.
Onu da vurğulamaq lazımdır ki, 11 iyul - 8 avqust tarixlərində 20 minə yaxın şəxs Xankəndini tərk edib və yalnız 15 min nəfər daxil olub. Sülhməramlılar bunu çox gözəl başa düşür ki, onların məsuliyyət zonası boşalacağı təqdirdə Qarabağda sülhməramlı kontingentin qalmasının məqsədəuyğunluğu sual altına düşəcək. Ona görə əhalinin Qarabağdan köçməsinin qarşısını süni yolla almağa çalışır, Xankəndində yaşayan ermənilərin məişət problemlərinin həllində xüsusi fəallıq nümayiş etdirirlər".
Deputat bildirib ki, hər kəsə məlum olduğu kimi, Azərbaycan tərəfi prosesi diqqətlə izləyir və bütün baş verənləri xüsusi diqqətdə saxlayır:
"İran tərəfi ikitərəfli əlaqələri nəzərə alıb, Qarabağa qeyri-qanuni yük daşımalarına son qoymalı, sülhməramlı qüvvələr də bu kimi qanunsuz fəaliyyətlərin qarşısını ciddi şəkildə almalıdır. Əks təqdirdə, Azərbaycan özü bu kimi halların qarşısını almaq üçün adekvat addımlara atmağa məcbur olacaq".