...

Ermənistan uzun illər ərzində vurduğu ziyanların təzminatını ödəyəcək - Naqif Həmzəyev (FOTO)

Siyasət Materials 12 Sentyabr 2021 16:37 (UTC +04:00)
Ermənistan uzun illər ərzində vurduğu ziyanların təzminatını ödəyəcək - Naqif Həmzəyev (FOTO)

Bakı. Trend:

Sentyabrın 11-də Milli Məclisin deputatı Naqif Həmzəyev ARB24 kanalının "GÜNDƏM" verilişinin qonağı olub.

Trend-in məlumatına görə, millət vəkili ərazilərimizin Ermənistanın işğalı nəticəsində dəymiş ziyanlar və ödəməli olduğu təzminat barəsində ünvanlanan suala geniş açıqlama verərək:

"İlk növbədə onu qeyd edim ki, biz çox xoşbəxtik ki, artıq qələbədən sonraki məsələləri və post münaqişə dövrünün bizə buraxdığı problemləri müzakirə edirik və şükürlər olsun həm Qarabağ həm Şərqi Zəngəzurda quruculuq abadlıq işləri sürətlə həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu proseslər ən yüksək səviyyədə görülməkdədir.

Ancaq bilirsiz ki, 30 ilə yaxın müddət ərzində bizim torpaqlarımız işğal altında saxlanıldı. Bu yalnız Birinci Qarabağ müharibəsi dövründə dəymiş ziyanlar deyil, həmənki Birinci Qarabağ müharibəsindən sonraki dönəmdə də bütün işğal altında olan torpaqlarda daşı daş üstündə qoymayan erməni vandalları demək olar ki, tamamilə o əraziləri talayıblar. Hətta oradaki evlərin kərpic, kubik və dam örtüklərini Ermənistana daşıyıblar. Bizim məscidlərimizi yararsız hala salıblar, oranı tövlə kimi istifadə ediblər. Bizim tarixi abidələrimizi məhv ediblər, ordaki Türk izini tamamilə silib Erməni yalanını, mifini yaratmaq istəyiblər. Həmçinin bizim orada bütün mədənlərimizi və faydalı qazıntı olan ərazilərimizi illər boyunca istismar ediblər və həmin yataqları demək olar ki, başqa yerlərə satıblar.

Bu 30 il ərzində onlar çox böyük ziyan vurublar və paralel olaraq da oranın meşə örtüyünü, fauna və florasını tamamilə dağıdıblar. Orada qanunsuz ovlar təşkil edilib, ov turizmi yaradılıb və nəticə etibarı ilə uzun illər tələb olunur ki, bir çox heyvan növləri əvvəlki sayda bərpa edilsin və orada yaşaya bilsinlər.

Bizim çaylarımıza qəsdən zərərli maddələr axıdılaraq suda yaşayan canlıları tamamilə məhv edilib və çox böyük ziyan dəyilib. Hələ mən bunun mənəvi tərəflərindən danışmıram, çünki mənəvi dəymiş ziyanı ümumiyyətlə hesablamaq mümkün deyil. Paralel olaraq da ötən müddət ərzində bir milyona yaxın məcburi köçkün və qaçqınımız Azərbaycanda, Azərbaycan dövlətinin dəstəyi və qayğısı ilə yaşayıbdı və onlar öz dədə baba yurdlarından köçkün və qaçqın düşüblər, bu yüz milyardlarla hesablanır.

Qələbədən sonraki ilk dönəmdə Cənab Prezidentin bir başa göstərişi ilə aidiyyatı qurumlar dəymiş ziyanın hesablanması üçün konkret işə başladı, çünki əvvəl təxmini hesablamalar var idi, ancaq bu ərazilər işğaldan azad olunduqdan sonra yerində konkret analiz və hesablamalar aparılır, yerli və xarici ekspertlər bu proseslərə cəlb edilib. Hədəf, məqsəd ondan ibarətdir ki, real rəqəmlər ortaya çıxsın və bu ziyanlar artıq hüquqi əsaslarla əsaslandırılsın və nəticə etibarı ilə biz beynəlxalq səviyyədə bunu dünya ictimaiyyətinə çatdıra bilək. Beynəlxalq təşkilatlar tərəfindən bu dəymiş ziyanlar öz əsasını tapsın və nəticə etibarı ilə biz qarşı tərəfdən dəymiş bu ziyanın təzminatını istəyək.

Bu beynəlxalq təcrübədə də var və elə də çox uzaq tarixə getməyək, həm Birinci dünya müharibəsində həm İkinci dünya müharibəsində biz təzminat məsələsinin gündəmdə olduğunu bilirik və orda da milyardlarla təzminat istənilibdi. Hətta İkinci dünya müharibəsinin bitməsinə baxmayaraq bir çox ölkələr Almaniyadan təzminat istəyirlər, biz burada Polşanı, Yunanistanı məsəl çəkə bilərik ki, üstündən illər keçsə də hüquqi əsas olduğuna görə onlar Almaniyadan təzminat istəyirlər.

Ancaq biz yaxın 30 ilin söhbətini edirik. Bizdə video və foto faktlar var. Azərbaycan dövləti tərəfindən mütəmadi olaraq peykdən bu ərazilərin nəzarəti həyata keçirilib və biz orada nə proseslərin və nə dəyişikliklərin getdiyini sübut edə bilirik. Müharibədən öncə orda həyat, vəziyyət necə idi, insanlar nə ilə məşğul idi, hansi fabrik və zavodlar var idi, hansı məktəblər və nə qədər evlər var idi, hansı təsərrüfatlar var idi və s., bütün bu məlumatlar bizdə var. Bu gün isə mənzərə də bizə bəllidi və biz bilirik ki, faktiki olaraq oranı talan ediblər və paralel olaraq da yalnız infrastruktura dəyən ziyanla kifayətlənməyiblər, onlar demək olar ki tamamilə təbiəti də məhv ediblər." deyə cavablandırıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti