...

İran Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir - Deputat

Siyasət Materials 5 Oktyabr 2021 13:52 (UTC +04:00)
İran Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Son günlər İranın istər rəsmi, istərsə də qeyri-rəsmi şəxslərinin Azərbaycana qarşı qərəzli çıxışları, təxribat xarakterli bəyanat vermələri müşahidə olunur. Azərbaycan İrana qarşı dost və mehriban qonşuluq münasibəti bəsləsə də, İran hər zaman əksini nümayiş etdirib.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Ermənistan tərəfi açıq şəkildə bəyan edir ki, 90-cı illərdə İran Ermənistan üçün bir nəfəslik olub: “O Ermənistan ki, Azərbaycan torpaqlarını işğal etmişdi, 30 il ərzində torpaqlarımızın 20 faizini işğal altında saxlayaraq İslam dinini, məscidləri təhqir etmiş, darmadağın etmişdi. İran həmin Ermənistana böyük dəstək göstərib və bu gün də göstərməkdə davam edir. İran İslam dinini təhqir edən Ermənistanı özünə çox yaxın dövlət hesab edir".

Deputat bildirib ki, Azərbaycan torpaqlarının işğal dövründə viran edilməsində iranlı işbazların da rolu böyük olub: “İranlı işbazlar həmin ərazilərdə evləri, məktəbləri, sosial obyektləri, bütövlükdə hər şeyi sökərək daşıyırdılar və daşın-daş üstə qalmamasında onlar Ermənistanla birgə fəaliyyət həyata keçiriblər”.

C.Osmanov bildirib ki, bu yaxınlarda İranın əyalət mollasının Azərbaycana qarşı qərəzli çıxışı və sonradan bu mövqeyin rəsmi şəxslərə qədər yüksəlməsi əlbəttə yolverilməz haldır: “Birincisi Azərbaycan müstəqli siyasət yürüdən bir ölkədir və İranın ittiham etdiyi kimi Azərbaycanın ərazisində hər hansı xarici qüvvələrin mövcudluğu yoxdur. Sadəcə İran Azərbaycanın güclü, qüdrətli olmasını, Ermənistanın acı məğlubiyyətini həzm edə bilmir.

İstər 90-cı illərdə, istər 30 il Azərbaycan torpaqları işğal altında olan zaman, istər Vətən Müharibəsi boyunca və ondan sonrakı dövrdə İran Ermənistanı yanacaq, ərzaq və silah-sursatla təmin edib. İran yeganə İslam ölkəsidir ki, Azərbaycana qarşı bu cür qərəzli mövqedən çıxış edir. Digər İslam ölkələrinin hər biri Azərbaycanın haqlı mövqeyini birmənalı olaraq dəstəklədilər, hətta bir sıra islam ölkələri var ki, Azərbaycan torpaqlarını işğal etdikləri üçün Ermənistanla diplomatik əlaqələr qurmayıblar. Hesab edirəm ki, İran da bu qərəzli mövqeyindən əl çəkməli, Azərbaycanla normal dostluq münasibətləri qurmalıdır, çünki bu həm İran, həm də bütün region üçün faydalı ola bilər”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti