Bakı. Elnur Bağışov, Orxan Nəbiyev – Trend:
Bölgədə “3+3” formatının yaradılması imkanları müzakirə olunur.
Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada keçirilən mətbuat konfransında deyib.
S.Lavrovun sözlərinə görə, bu formatda Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə təmsil olunacaqlar.
S.Lavrov bildirib ki, məhz Moskva Qarabağda münaqişənin dayandırılması, Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri səviyyəsində üçtərəfli sazişin imzalanması üçün həlledici rol oynayıb və bu sazişə uyğun olaraq regionda rusiyalı sülhməramlı kontingent yerləşdirilib: "Bundan başqa, birgə bəyanatda regionda bütün iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının açılması üzrə işlər də daxil olmaqla tənzimləmə üzrə birgə addımları müəyyən edən prinsiplər yer alır. Bu məsələdə təkcə Azərbaycan və Ermənistan deyil, həm də Gürcüstan qazanclı çıxacaq. Bundan həm də qonşu respublikalar qismində İran, Rusiya və Türkiyə də faydalanacaq. Biz bu gün üç Qafqaz ölkəsi və üç qonşu, Rusiya, İran və Türkiyənin iştirakı ilə "3+3" formatının yaradılması təşəbbüsünü müzakirə etmişik".
Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün Rusiya xarici işlər nazirinin dəvəti ilə Rusiyaya səfər edib.