Bakı. Elçin Mehdiyev - Trend:
Vətən müharibəsində Azərbaycanın ikinci böyük şəhəri olan, sivil, cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhəri erməni terrorundan ciddi ziyan gördü. Müharibə zamanı bir sıra şəhərlərimiz erməni terroru ilə üzləşdi. Müdafiəsiz, sivil insanlar bir anda raket hücumunun qurbanı oldu. Nizami yurduna endirilən aviazərbələrin birbaşa hədəfi açıq-aşkar şəkildə mülki insanlar idi. Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki şəxslərini hədəfə alaraq bəşəri və insani dəyərlərə, beynəlxalq hüquq və konvensiyalara məhəl qoymadı, terror və soyqırımı aktları törədərək hərbi cinayətlər həyata keçirdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, Ermənistanın mülki əhalimizə qarşı cinayətkar terror hücumlarına Azərbaycan yalnız döyüş meydanında layiqli şəkildə cavab verdi: “İkinci Qarabağ müharibəsi zamanı sivil insanlarımızın hədəf alınması bir daha göstərdi ki, Azərbaycan nəinki öz ərazi bütövlüyü uğrunda döyüşür, eyni zamanda, regionda daimi sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq terrorizmlə mübarizə aparır. Ermənistan dövlətinin terrorçu və işğalçı siyasəti bütün dünyaya məlumdur. Birinci Qarabağ müharibəsi zamanı Xocalı soyqırımı, İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər, eləcə də digər rayon və şəhərlər atəşə tutularaq dinc sakinlərə qarşı qırğın törədildi.
Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan sərhədindən xeyli uzaqda yerləşən bir neçə sərhəddən kənar şəhərimizi uzaqmənzilli raket atəşinə tutub. Ən ağır zərbə 11 oktyabr gecə saat 2 radələrində əhali sayına görə ölkəmizin ikinci ən böyük şəhəri olan və döyüş zonasından xeyli aralıda yerləşən Gəncə şəhərinə vurulub. Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket atəşi daha dağıdıcı olmaqla sıx və çox sayda yaşayan dinc əhalinin yerləşdiyi binaya yönəlmişdi. Raket zərbəsi nəticəsində 35 nəfər xəsarət almış və 9 nəfər həlak olmuşdu. Bu da onu bir daha sübut edir ki, Gəncə şəhərinə atılan raket zərbəsi terror aktıdır və dinc əhalinin məhv edilməsinə, eyni zamanda azərbaycanlılara qarşı soyqırımı aktı törədilməsinə yönəlib. Ermənistanın bu addımı müharibə cinayətidir və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməli və beynəlxalq ədalət məhkəməsi tərəfindən öz hüquqi qiymətini almalıdır”.
M.Cəfərov qeyd edib ki, 2020-ci ilin oktyabr ayında Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda 13 raket atəşi ilə bombalandı: “Bu raketlərin 8-i zərərsizləşdirilsə də, təəssüf ki, 5-i şəhərin müxtəlif hissələrinə düşdü. Ümumilikdə, bu hadisələr nəticəsində 27 nəfər həyatını itirdi, 128 nəfər ciddi xəsarət aldı. Raket zərbələrindən ziyan çəkən və həyatını itirənlərin hər biri mülki şəxslər idi. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir. Ümumilikdə, 3 500 yaşayış və qeyri-yaşayış obyekti zərər görüb.
Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanmışdır”.